“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dram və komediya janrında olan “Ol” filminin qalası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, tədbirdə filmdə rol alan aktyorlarla yanaşı, “Kurtlar Vadisi”nin tanınmış aktyoru Tuncer Salman, incəsənət nümayəndələri, dəvət olunan qonaqlar və media nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təşkil olunub.
Filmin rejissoru Namiq Ağayevdir. Rolları Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva, Svetlana Həşimova ifa ediblər.
Ekran işinin xüsusi incəliklə çəkilməsi, rəng korreksiyası, rəssam işi tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Qrim ustalarının peşəkarlığı isə diqqətdən yayınmayıb. Svetlana Haşımovanın hamam, Vüsalə Ağayevanın isə zorlanma olan səhnəsi xüsusi diqqət çəkib.
Qeyd edək ki, ekran əsəri ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər. Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır.
Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar. Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şahzadə qıza çevrilir.
Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli vəziyyətlər yaranır.
Film aprelin 26-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.