Çingiz Əhmədov: “Şit parodiyalar çoxalıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam
Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar
ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi
peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. Bu
ssenarilərdə mən də, digər böyük sənətkarlarımız da improvizə edirdilər. İndi
yazarlar cılızlaşdığına görə improvizə də yoxdur. İmprovizə etmək üçün
material, əsər olmalıdır, məqam gəlməlidir. O məqam yoxdur. Ona görə də yersiz,
şit parodiyalar çoxalıb. Səviyyəsiz dərəcəyə gəlib çıxır. Təbii ki,
peşəkarcasına oynayan uşaqlar da var, onlara uğurlar arzulayıram”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra
əlavə edib.
“Aktyor gərək anadan aktyor doğulsun. Sonra da getsin oxumağa. O vaxt mənim
yadımdadır ki, Əliağa Ağayev, Fazil Salayev sənətə gələndə aktyor kimi peşəkar
idilər. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil
alanlar var ki, hamısı aktyor olmayacaq. Universiteti bitirib alverə, satışa
gedirlər. Bu sənət də heyif olur. Mən gözləmirdim ki, oğlum İbrahim gəlib
peşəkar aktyor olacaq. Təbii ki, evin içində hər şeyi görüb-götürüb, sonra da
universitetə daxil oldu. Maşallah bu gün reytinqdə mənimlə eyni balansdadır.
Sənəti sevib gəlmək lazımdır”, – deyə aktyor bildirib.
Çingiz Əhmədov bildirib ki, hansısa sənətkardan öyrənmək olar, amma onu
yamsılamaq yox.
“Mən 10 yaşımdan televiziyada böyümüşəm. Hamını görmüşəm. Hərəsindən nəsə
götürmüşəm, amma özümü kiməsə bənzətməmişəm. Odur ki, Əliağa əmi (aktyor Əliağa
Ağayev) həmişə mənə deyirdi ki, “sən özünü qoru, gələcəyin var”. Bu mənim
qulağımda qalıb. Nəsibə Zeynalova, Eldəniz Zeynalov evimizin içi idi. Mən
onları da yamsılamamışam. Aktrisa Ofeliya Məmmədzadənin ruhu qarşısında baş
əyirəm ki, o 1984-cü ildə məni teatra apardı. Nəhənglərlə çalışıb onlardan çox
şey öyrənmişəm, amma öz yolumu getmişəm. Heç kəsi də təbliğ, təkrar etməyi
sevməmişəm. Allah Hacıbaba Bağırova rəhmət etsin, sağlığında öz rollarını mənə
verib, kənara çəkildi. 40 il olacaq ki, teatrda çalışıram. Hacıbaba Bağırov
deyirdi ki, sevinirəm ki, teatrda davamçım var, təlxək yox, o da Çingiz
Əhmədovdur”, – deyə aktyor bildirib.