5dc0df1a-038e-4eb6-a4a8-d6d3592ed7b7..jpg

Çirkin yalan və iftiralar ustası: Makron özünü Paşinyanın sözçüsü kimi aparır – ŞƏRH + FOTO

Baxış sayı: 581 dəfə baxılıb.

Çirkin yalan və iftiralar ustası: Makron özünü Paşinyanın sözçüsü kimi aparır
– ŞƏRH + FOTO

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə yalan və iftira dolu
açıqlamalar verib. O, “TF-1” telekanalına müsahibəsində qatı ermənipərəst mövqe
ortaya qoyub, birtərəfli formada Azərbaycanın ünvanına çirkin yalan və
iftiralar səsləndirib. Ermənistan da daxil olmaqla, beynəlxalq aləmin
Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiyi halda, yenə də Qarabağda erməni
sakinlərin “fiziki təzyiqlərə məruz qaldığı”nı iddia edib.

Makronun Azərbaycana qarşı çirkin iftiralarla dolu müsahibəsində səsləndirdiyi
bəzi məqamlara diqqət yetirək. Məsələn, “Dağlıq Qarabağ” ifadəsi artıq mövcud
olmadığı halda, yenə də bu ifadəni işlədib və iddia edib ki, “Qarabağda
qəbulolunmaz cinayətlər və müharibənin şahidi olduq”. “Ermənidən artıq erməni
olmaq” missiyasını öz üzərinə götürən Fransa lideri ortaya bir fakt da qoymadan
Azərbaycanın əleyhinə hədyanlar səsləndirib. O, antiterror tədbirləri zamanı
Azərbaycanın dinc sakinləri deyil, yalnız hərbi infrastrukturları hədəfə
aldığına toxunmur. Halbuki, bu faktı bölgədə olan Rusiya sülhməramlıları belə
etiraf ediblər.

Rusiya tərəfi ən yüksək səviyyədə təsdiq edib ki, Azərbaycan beynəlxalq
hüquqla təsbit olunmuş torpaqlarında müharibə deyil, antiterror tədbirləri
həyata keçirib. Makron rəsmi Bakını bu tədbirləri başlamağa vadar edən
səbəbləri, o ərəfədə 10-a yaxın azərbaycanlının ermənilərin basdırdığı mina
qurbanı olduğunu da yada salmır. Ermənistanın Qarabağın Azərbaycan torpağı
olduğunu təsdiqlədiyi halda, Makron 44 günlük müharibə nəticəsində bu
torpaqlarda yaşayan xristianların, erməni mənşəli əhalinin hüquqlarının
pozulduğunu iddia edib. 30 il əvvəl erməni işğalı nəticəsində Azərbaycan
torpaqlarının ələ keçirilməsi, işğalı təsdiq edən BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsinin olması da onun yadına düşmür. Təbii ki, o bunların hamısını
çox yaxşı bilir. Sadəcə, erməni lobbisindən aldığı ianələr, yardımlar, dəstək
onu bu etirafı etməyə qoymur.

Qeyd edək ki, Makron bundan əvvəl Qarabağı “mübahisəli ərazi” adlandırmaqla
gülüş obyektinə çevrilmişdi. Bildirmişdi ki, bu bölgə Ermənistanın
“mərkəzindədir”. Ermənistanla Azərbaycanın xəritəsini “səhv” salan Fransa
lideri, təbii ki, diqqətlə baxsaydı, Qarabağın Azərbaycanın içərisində olduğunu
aydın görərdi.

Makronun növbəti iftira və yalanı Qarabağın erməniəsilli sakinləri üçün
humanitar yardımlarla bağlıdır. Halbuki, rəsmi Bakı bir müddətdir ki, həmin
sakinlərə humanitar yardımlar göndərir. Yardımların çatdırılması Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə həyata keçirilir. Makron
müsahibəsində bunları da görməzdən gəlir.

Fransa lideri daha sonra Ermənistanın ərazi bütövlüyünə “çox diqqətli”
olacaqlarından danışır. Bununla da dövlət başçısına yaraşmayan şəkildə
riyakarlığa, ikiüzlülüyə yol verir. Məgər Azərbaycan Ermənistanın ərazi
bütövlüyünə təhlükə yaradır? Yenə də Ermənistanın baş naziri Nikol Paşinyanın
bu barədə fikirlərini onun yadına salmaq zərurəti yaranır. Ermənistanın baş
naziri də bildirib ki, Qarabağda baş verənlərin Ermənistana aidiyyəti yoxdur.
Ermənistan liderinin belə, Qarabağda insan hüquq və azadlıqlarının pozulduğunu
bildirmədiyi halda, Fransa lideri faktları saxtalaşdırmağa çalışıb. Təbii ki,
istər Ermənistandakı, istərsə də Qarabağdakı ermənilərin gələcək taleyi onu heç
maraqlandırmır. Sadəcə, bölgədə Rusiya ilə nüfuz savaşı onu belə qərəzli və
riyakar mövqe sərgiləməyə sövq edir. Elə müsahibəsində Rusiyanı ittiham etməsi
də bundan xəbər verir. Makron bildirib ki, Rusiya Azərbaycana dəstək verir.

Əslində, Fransa liderinin erməni təəssübkeşliyinin səbəbi bəllidir. Məlum
olduğu kimi, BMT Təhlükəsizlik Şurasında iki dəfə Azərbaycanla bağlı iclasın
keçirilməsinə nail olan Makronun hər iki təşəbbüsü iflas olub.

Şübhəsiz ki, bütün bunlar da onun erməni icması arasında nüfuzuna təsirsiz
ötüşməyəcək. Erməni lobbisi də Makrondan Qarabağ və Ermənistan üçün nə etdiyini
sorğu-sual edəcək. Ortada isə heç bir nailiyyət yoxdur. Əksinə, Azərbaycan
artıq Qarabağda separatçı qurumun qalıqlarını məhv edib, ağ bayraq
qaldırmalarına nail olub. Makronun da təşəbbüsləri puç olub. Onun yeganə uğuru,
bəlkə də, Ermənistanda anti-Rusiya əhvali-ruhiyyənin güclənməsidir. Beləliklə,
özünü sivil bir Avropa dövlətinin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü
kimi aparmağa üstünlük verən Makron açıq şəkildə münaqişənin əsas səbəbkarının
yanında yer alır, rəhbərlik etdiyi ölkənin maraqlarını da işğalçı Ermənistanın
faşizm siyasətinə qurban verir.

Son olaraq qeyd edək ki, Makron BMT Təhlükəsizlik Şurasında Azərbaycan
əleyhinə konkret bir nəticə əldə edə bilməyəcəyini artıq anlayır və buna görə
də növbəti şouya hazırlaşır. Bu dəfə isə o, Avropa Şurası Parlament
Assambleyasında (AŞPA) ölkəmizə qarşı qətnamə qəbuluna çalışacaq. Nəzərə alaq
ki, AŞPA-da Azərbaycana qarşı qərəzli və ermənipərəst mövqedə olan deputatlar
kifayət qədərdir. Ona görə Makron burada hansısa bəyanatın və ya sənədin qəbul
olunacağına ümidlidir. Lakin məsələ burasındadır ki, məhz AŞPA vaxtilə
Qarabağın Ermənistan tərəfindən işğalı faktını tanıyıb. Ümid etmək olar ki,
AŞPA əvvəlki mövqeyini bir daha təkrarlayacaq, obyektiv və qərəzli mövqedən
çıxış edəcək. Bununla da, Fransa Prezidentinin növbəti təşəbbüsü də iflasa
uğrayacaq.

“Report” İnformasiya Agentliyi

Source link