598d9353-a3d1-42cf-ba50-d89bbd395a9f..jpg

Çıxarışsız evlərin bahalaşması: “Sonrakı mərhələdə proses tamamilə fərqli olacaq” – ŞƏRH + FOTO

Baxış sayı: 603 dəfə baxılıb.

Çıxarışsız evlərin bahalaşması: “Sonrakı mərhələdə proses tamamilə fərqli
olacaq” – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çıxarışı olmayan fərdi evlərin bahalaşdığı ilə bağlı məlumatlar var. Hətta
paytaxt ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində üç-yeddi min
manat civarında artım müşahidə olunduğu bildirilir.

Fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu ilin oktyabr
ayının 1-də qüvvəyə minənqanuna edilmiş dəyişiklik
lə əlaqəlidir.

Qanuna görə, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya
xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa
belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.

Bəs görəsən, qiymət artımı nə zamana qədər davam edəcək?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı qiymət
artımında göstərilən rəqəmlərin şübhəli olduğunu deyib:

“Elə fərdi yaşayış evi var ki, üç min manat qiymət dəyişməsi həmin əmlak üçün
dəyər artımı sayılmır. Üç min manat qiymət dəyişməsi, əslində, bəzi hallarda
təklif qiyməti ilə razılaşdırılmış qiymət arasında itir. Çünki adətən, bazara
təklif olunan mənzilin dəyəri 100 min manatdan yuxarıdırsa, onun təklif qiyməti
ilə razılaşdırılmış qiyməti arasındakı fərq beş faiz, bəzi hallarda bir qədər
daha yuxarı ola bilər. Bu da təqribən beş min manat və bir qədər yuxarı
göstərici ola bilər.

İndiki halda bu istiqamətdə qeyd olunan rəqəmlərin səsləndirilməsi, əslində,
düzgün yanaşma sayılmır. Amma bütövlükdə oktyabr ayının birində artıq kommunal
xidmətlərə qoşulmuş fərdi yaşayış evləri istisna olmaqla, fərman imzalandığı
tarixdən bu yana hətta texniki şərt almış şəxslərin belə, kommunal xidmətlərdən
istifadəsi, qoşulması mümkün olmayacaq”.

R.Osmanlı qeyd edib ki, qiymət artımı qısamüddətli dövrü əhatə edəcək:

“Bu məqamlar qiymətlərə öz təsirini göstərəcək. Qiymətləri artıracaqlar.
Bazarda müəyyən qədər canlanma yaranıb. Bu da, təbii ki, qısamüddətli bir dövrü
əhatə edəcək. Çünki artıq sonrakı mərhələdə bu proses tamamilə fərqli
istiqamətdə cərəyan edəcək”.

“Bütövlükdə fərdi yaşayış evlərinə tələb artıb. Qiymətlər bu səbəbdən
bahalaşıb. Xüsusən də, şəhər mərkəzinə qismən yaxın olan ərazilərdəki fərdi
yaşayış evlərinə tələbat var.

Tələbin artması, təbii ki, qiymətlərə təsir göstərir. Bu hal başadüşüləndir.
Amma indiki halda qısa müddət ərzində qiymətlərin hansı rəqəmlər çərçivəsində
dəyişməsini söyləmək bir qədər çətindir. Çünki hələ ki müəyyən meyilləri biz
təklif qiymətlərində müşahidə edirik. Yəqin ki, ilin sonuna doğru faiz
göstəriciləri ilə ifadə etmək mümkün olacaq ki, fərdi yaşayış evlərinin
qiymətindəki artımlar hansı faiz dəhlizi arasında dəyişib”, – deyə R.Osmanlı
qeyd edib.

Nəzrin Vahid

Source link