Seçmə mərhələdə hər oyun üç xal qazanmaq baxımından vacibdir. Zaqrebdəki qarşılaşmada Azərbaycanla oyunda elə də yaxşı təsir bağışlamasaq da, qələbə qazanmışdıq. Tarixən Bakıda bir pis oyunumuz olub. Bu, 2015-ci ildə 0:0 hesablı heç-heçə ilə nəticələnmiş görüş idi. Ümidvaram ki, sabah biz qalib olacağıq”.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker Azərbaycan mətbuatına açıqlamasında deyib.
Əfsanəvi mütəxəssis Azərbaycana qarşı xoş münasibətindən danışıb: “Müstəqilliyimizi qazandığımız 1992-ci ildən sonra çox yaxşı nəticələrimiz olub. 1998-ci ildə dünya üçüncüsü, 2018-ci ildə dünya ikincisi olmuşuq. Milyon yarım əhalimiz olsa da, baş məşqçilərə yaxşı trend yaratmışıq. Həmçinin, çox şadıq ki, həmyerlimiz Robert Prosineçki burda çalışıb. O, çox gözəl insan və yaxşı baş məşqçidir. Bu, bizim üçün çox xoşdur. Özüm də Azərbaycanı çox sevirəm. Həm AFFA-da, həm də Azərbaycanın özündə çoxlu dostlarım var. Sabahkı oyundan bir qədər kənara çıxaraq bildirim ki, bu il Bakıda Avropa Liqasının final matçı keçirilmişdi. Həmin görüşün təşkilatçılığı barədə bütün fikirlər müsbət olmuşdu. UEFA İcraiyyə Komitəsinin üzvü kimi ümidvaram ki, AVRO-2020-nin Bakıda keçiriləcək dörd oyunu bundan da yaxşı təşkil olunacaq və Xorvatiya millisi burda oyun keçirəcək”.
Şuker uğursuz nəticə təqdirində Zlatko Daliçi dörd il əvvəl Bakıda Niko Kovaç kimi istefa təhlükəsinin gözləyib-gözləmədiyi barədə sualı isə belə cavablandırıb: “Ümidvaram ki, sabahkı oyundan sonra baş məşqçimizi dəyişməyəcəyik. Hazırda qrupdakı vəziyyətimiz çox yaxşıdır. Çox gözəl oynayırıq. Ümid edirəm ki, AVRO-2020-yə Zlatko Daliçlə birgə yollanacağıq”.
Qeyd edək ki, sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlanacaq.