Bu gün UEFA Çempionlar Liqasında “Barselona” və “Liverpul” komandaları qarşılaşacaq. “Barselona”nın liderinin argentinalı Lionel Messi olduğu hər kəsə bəllidir. Qarşı tərəfdə isə Məhəmməd Salah amili var. Hətta ötən mövsümkü çıxışı ilə onun Messiyə rəqib gəldiyi bildirilirdi.
ÇıxışYolu.Com budəfəki rubrikasında misirli futbolçunun həyat hekayəsini təqdim edir.
1992-ci ildə Misirin Basyun şəhərinin yaxınlığında yerləşən Naqriq kəndində dünyaya göz açan Salah Qahirənin “Əl Mokavlun” klubunda futbola başlayır. Salah bunu belə xatırlayır:
“Evdən məşqə getməyim 4,5 saatımı alırdı. Məşqlərə qatıla bilmək üçün məktəbi buraxmalı oldum. Sonra məktəbdən “Mo, iki saat gəl, sonra məşqə gedərsən” dedi. Mən də səhər məktəbə iki saatlığa gedib, sonra məşqə qaçırdım. Günüm məktəb, sonra səfər, məşq, geri qayıtmaq, yemək və yatmaqla keçirdi. Çox çətin günlər idi. Amma çox gənc idim və böyük futbolçu olmaq istəyirdim. 14 yaşında futbola başladım. Həyatdakı hər şeyi mənə futbol verdi”.
Onun əsas komandada debütü 2010-cu ilin mayın 3-də “Əl Mansura” komandası ilə görüşdə olur. İlk qolunu isə həmin ilin dekabrın 25-də “Əl Əhli”nin qapısından keçirir.
2012-ci ilin fevralın 1-də “Əl Məsri” və “Əl Əhli” klubları arasında keçirilən görüşdən sonra “Port Səid” stadionunda yaranan iğtişaş nəticəsində 73 nəfər azarkeş və 1 polis əməkdaşı həyatını itirir və 500-dən çox insan yaralanır. Bu üzdən Misir Futbol Assosiasiyası martın 10-da mövsümün qalan hissəsini ləğv edir.
Çoxdandır İsveçrənin “Bazel” klubu Salahı izləyir. Misir Premyer Liqası keçirilmədiyindən, “Bazel” martın 16-da İsveçrədə Misirin 23 yaşadək millisi ilə yoxlama oyunu keçirir.
Misirin U-23 millisində yer alan Salah ikinci hissədə meydana daxil olmasına baxmayaraq, iki qol vurur və onun komandası meydan sahiblərini 4:3 hesabı ilə məğlub edir.
“Bazel” Salahı həftəlik məşqə dəvət edir və 10 apreldə onunla dörd illik müqavilə bağlandığını açıqlayır.
Onun İsveçrədəki karyerası barədə açıqlaması:
“İsveçrə haqda heç nə bilmirdim. Söylədiklərindən heç nə anlamırdım. İngiliscəm də yox idi. Nə yemək deyəcəyimi belə bilmirdim. Hotelə gedəndə televizoru açırdım, amma təbii ki, Misir dilində bir kanal tapa bilmirdim. Öz-özümə “Bu vəziyyətdən baş çıxarmalıyam, yoxsa işlər daha da çətinləşəcək” deyirdim.
Dərhal ingiliscə öyrənməyə başladım. Amma dərsləri dayandırmalı oldum, çünki məşqlərə vaxt qalmırdı. İngiltərədə “Çelsi”yə keçəndə ingilis dilini təkmilləşdirmək üçün daha çox imkanım oldu”.
Salah 23 iyunda Rumıniyanın “Styaua” komandası ilə yoxlama matçında “Bazel”də debüt edir və hətta 4:2 qalib gəldikləri görüşdə qol da vurur. Onun Avropada rəsmi debütü isə avqustun 8-də Çempionlar Liqasında Norveçin “Molde” komandasına qarşı olur. Həmin matçda 74-cü dəqiqədə meydanda girir. İsveçrə çempionatında debütü isə avqustun 12-də “Tun” komandası ilə oyunda olur.
“Bazel” Avropa Liqasının yarımfinalınadək irəliləyir. Mayın 2-də yarımfinalda “Stemford Bric”də gələcək komandası “Çelsi”yə qol vurur. İlk ilində İsveçrə çempionu olan futbolçu vurduğu qollarla həmin ölkənin Bosniya və Herseqovina millisinin üzvü İzet Xayroviçlə birgə ilin ən dəyərli oyunçusu seçilir.
Adı 2013/14 mövsümündə “Çelsi”, “Yuventus”, “İnter”, “Liverpul” və “Qalatasaray”la çəkilməsinə baxmayaraq, Salah yenə “Bazel”lə davam edir.
23 yanvar 2014-cü ildə isə “Çelsi” Salahı 11 milyon funta heyətinə qatdığını açıqlayır. O, “Çelsi” tarixinin ilk misirli futbolçusu olur.
Çıxdığı üç matçda gözlənilən oyunu nümayiş etdirməyəndə baş məşqçi Juze Mourinyu deyir: “O hələ 21 yaşındadır və çox sürətli öyrənir. Sürəti onun ən böyük silahıdır. Artıq ən azından bizə qol vurmayacaq”. Ancaq o, “Arsenal”la derbidə (6:0) əzəli rəqibə qol vurmağı bacarır.
Salah 19 yaşında Misir millisinin heyətinə düşür. Onun bu barədə fikirlərinə diqqət yetirək:
“İnana bilmirdim. Məndən başqa, hamının 30 yaşı vardı. Adətən bizim nəsil 27-28 yaşında milliyə çağırılırdı. Amma mən 19 yaşında idim”.
Salah 2015-ci ilin fevralında İtaliyanın “Fiorentina” komandasına icarəyə verilir. O, “Port Səid” stadionunda çıxan iğtişaşlarda ölən insanların sayına görə 74 nömrəli formanı götürür.
Daha sonra o, avqustda 5 milyon avroya mövsümün sonunadək “Roma”ya icarəyə verilir. Düz bir il sonra “Roma” bu futbolçunun tamamilə sahibi olur.
Orda iki mövsümə 34 qol vuran Salah 2017-ci ilin iyununda 42 milyon avroya “Liverpul”a transfer olunur. Bu, “Liverpul”un klub tarixində o dövr üçün ən yüksək məbləğ xərclədiyi transfer kimi tarixə düşür. O bir ay sonra İngiltərədə ayın oyunçusu seçilir.
Salahın iki qol vurduğu, “Liverpul”un Çempionlar Liqasında 7:0 qalib gəldiyi “Maribor” matçı isə İngiltərə klublarının səfərdə qazandığı ən böyük hesablı qələbə kimi statistikaya yazılır.
Onun “Liverpul” haqda fikirlərinə nəzər salaq: “Çelsi”yə transfer olanda da “Liverpul” mənimlə maraqlanırdı. London klubuna gedəndə belə “Liverpul”un xəyalını qururdum. “Enfild Roud”da “Liverpul”a qarşı oynayarkən “Bir gün bura gələcəyəm və burda oynayacağam” dedim. Atmosfer məni təsirləndirmişdi. “Play Station”da FIFA oynayarkən belə “Liverpul”u seçirdim. Stiven Cerard, Sami Hüüpia, Ceymi Karaqer, Maykl Ouen və Şabi Alonso ilə oynayırdım. Orda belə komandam “Liverpul” idi”.
Salah ötən mövsüm 44 qol vursa da, nə İngiltərə çempionluğunu, nə də Çempionlar Liqasını qazana bilir. Kiyevdəki Çempionlar Liqasının finalı Ramazan ayına düşdüyü üçün oruclu halda meydana çıxır.
Salah qol vurarkən meydançada səcdəyə qapılması ilə və öz üzərində hər zaman Quran gəzdirməsi ilə tanınır. Hətta onu səfərlər zamanı təyyarədə belə Quran oxuyarkən görmək mümkündür.
Salahın xeyriyyə işləri də çoxdur. Doğulduğu Naqriq kəndində kanalizasiya və su xətlərinin çəkilməsi üçün 450 min dollar pul ayırıb. Daha əvvəl isə ayırdığı maliyyə ilə həmin yerdə idman meydançası tikdirib, xəstəxana yenidən qurulub. 500 min funt dəyərində Misir xəstəxanasına xərçəngdən əziyyət çəkən uşaqların müalicəsi üçün lazım olan avadanlıqların alınması üçün ayırıb.
O, Misir funtuna maliyyə dəstəyi olaraq ölkəsinə 210 min Britaniya funtu göndərib.
İngiltərədə “Mo Salah” kimi adlandıran azarkeşlərdən bəzilərinin ona görə dinini dəyişdirdiyi iddiaları da yayılıb. Mahnının sözləri isə təxminən belədir “Əgər o çox qol vursa, mən də müsəlman olacağam. Əgər o kifayət qədər qol vursa, mən də onun kimi məsciddə oturacağam”.
Həyat yoldaşı Maqi ilə 2013-cü ildə evlənib. Bir qızı var, adını Məkkə qoyub.
Səbuhi MUSAYEV