Əməkdar artist Xumar Qədimova Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin yaradıcılığına müraciət edib.
ÇıxışYolu.Com xəbər verir ki, Xumar Nəsiminin “Neylərəm” adlı qəzəlinə mahnı bəstələyib. Aranjemanı Əvəz Muradov və Bəxtiyar Həsənova məxsus mahnını rejissor Elmir Süleymanov ekranlaşdırıb. Klipdə gənc aktyor Səfa Mehdi rol alıb.
Əməkdar artist ərsəyə gətirdiyi əsərin Nəsimi ilinə möhür vuracağını bildirib :
“Hamınıza məlumdur ki, illərdir çHüseyn Cavid, Almas İldırım, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi ədiblərin əsərlərini sizə təqdim etmişəm. Belə olub, olacaq da… Demək olar ki, bir ildir Məhəmmədhüseyn Şəhriyarın “Yar qasidi”ni işləyirəm.
Amma illər öncədən beynimdə, ruhumda İmadəddin Nəsimi var idi. Mən onun “Neylərəm” qəzəlini çox sevirəm. İçimdə yaranmış, doğulmuşdu. Sadəcə olaraq Şəhriyar əsəri üzərində çalışdığım üçün Nəsimini saxlamışdım. Bu il Nəsiminin 650 illiyini qeyd etdiyimiz üçün xüsusi diqqətimi Nəsimiyə ayırdım. Musiqisi mənə məxsusdur. Möhtəşəm bir kompozisiya ərsəyə gəlib. Orada böyük sürprizlər var. Xumardan nələr görəcəksiz… Bu dəfə qərara gəldim ki, əziyyətin öhdəsindən tək gələcəyəm. Məncə, gəldim də… Nəsimi ilinə möhür vuran layihədir. Sizi sevirəm. Dinləyin, izləyin”.
Qeyd edək ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bu səbəbdən ölkə başçısı müvafiq sərəncam imzalayaraq, 2019-cu ili Nəsimi ili elan edib.
Rəşad Əliyev