Yeni ilə sayılı günlər qalır. Geridə qoyacağımız 2019-cu ildə sənət aləminin məşhur simaları çalışıb-vuruşub, ortalığa yaxşı iş çıxarmağa çalışdılar. Dava-dalaşlar, qırğınlar, küsülülüklər də az olmadı. 2019-cu il hansı qalmaqallarla yadda qaldı?
Bununla bağlı ÇıxışYolu.Com-ın əməkdaşının apardığı araşdırmanı oxuyucularımıza təqdim edirik:
İl başlayar-başlamaz Xalq artisti ilə Əməkdar artist arasında vulkan püskürdü. Bir tərəfdə Nazpəri Dostəliyeva, digər tərəfdə isə Elza Seyidcahan. İkilinin toqquşması “Azərbaycanın səsi” proqramında baş verdi. Layihənin münsifi olan hər iki müğənni arasında gərginlik pik həddə çatdı.
Elzanın digər münsifi Nazpəri Dostəliyevaya dərs dediyini və ondan bir qəpik də pul almadığını söyləməsi qarşı tərəfi özündən çıxardı. Nazpəri Elzanın ittihamlarına öncə gülsə də, həmkarını “bazar adamı” adlandıraraq efiri tərk etdi.
Elza ilə Nazpərinin davasına su yerinə benzin səpən isə populyar müğənni Kərim Abbasov oldu. O, küsülü olduğu Əməkdar artist Elza Seyidcahanın ünvanına ağır sözlər dedi. Abbasov Seyidcahanın sənətini məsxərəyə qoydu:
“Onun sənəti yoxdur. Bəstəkardır. Danılmaz faktdır, gözəl bəstələri var. Amma oxumağın “o” hərfindən xəbəri olmayan bir insandır. O insana qalmaqal lazımdır, çünki sənəti yoxdur. Çox qurdlu, kin-küdurətli qadındır.
Mənim elə anam olsaydı, onu analıqdan çıxarardım. Özünə hörmət et. Sənin özündən böyük oğlun var. Oğlun səndən utanır. Oğlun səninlə illərdir danışmır. Səni adam yerinə qoymur. Oğlunun ayağındakı əxlaq, tərbiyə kaş onun anasının bütün canında olaydı”.
“Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı canlı efirdə ittihamlar səsləndirilib. Proqrama şikayətçi qismində qatılan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik əri “Yetim” ləqəbli biznesmen Elçinin əlindən aldığını bildirib.
Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin idarə etdiyi və mətbuatda çıxan “Porsche” avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib.
Söz-söhbətin günü-gündən şişdiyini görən Aysel susmağı danışmaqdan daha üstün tutub, qarşı tərəfin iddihamlarına bu cür reaksiya bildirib:
“O qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlimdən almasınlar, bəsimdir. Həyatım boyu kiminsə sevgilisini almaram. Bu, aciz qızların işidir. Bilib-bilmədən danışırlar. Avtomobilimi özüm almışam, yeddi ildir onu sürürəm. Özüm-özümə hədiyyə etmişəm. Allah qismət etsin, daha yaxşısını alım”.
Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılovanın ulduzu barışmır ki, barışmır. Tərəflərin davası Səmədovanın İsmayılovanın prodüser olduğu zamanlara dayanır. İkili ara-sıra bir-birinə sancaraq, xoşagəlməz mesajlar ünvanlayırlar.
Təranə “ATV Maqazin 10-larla”nın müxbirinin “Hansı ifaçı zövqsüz geyinir?” sualına cavabında Rəqsanənin adını çəkməsi, yanan ocağı daha da alovlandırıb.
Hazırda Moskvada yaşayan R.İsmayılova isə qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib. Sənətçi sükan arxasında əyləşərək prodüserə bir dəqiqəlik videomüraciət ünvanlayıb:
“Rayon qızı idim. Rayondan çıxıb gəldim Bakıya. Qoy, mən “madalyer” deyim, bunu ayıb bilmirəm. Mən olduğum məclislərə bu gün camaat həsəd aparır. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mənə nə etmisən? Layihə etmisən? Kaş sənin həbsxanaya düşməyində əlim olaydı. Gərək səni buraxmazdılar, çıxdın, dilin uzandı. Elə etmə ki, başqa şeylər edim.
Başımı aşağı salıb, həyatımı yaşayıram. Səninlə işim yoxdur. Sizə ona görə təşəkkür edirəm ki, məni bezdirdiniz və Azərbaycandan uzaqlaşdım. Gəlib Rusiyada ailə qurdum. Disklərimi ondan ala bilmirdim. Özüm öz diskimi oğurladım səndən”.
İl ərzində yaşanan qalmaqallara öz adını qızıl hərflərlə həkk edən müğənni Afət Fərmanqızı oldu. Məşhurun şou aləmdə dalaşmadığı adam qalmadı. Dava-dalaşa isə səbəb ifaçının dahi şair İmadəddin Nəsiminin sözlərinə oxuduğu “Pəncu şeş” adlı mahnı oldu. Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan Afətin bu addımı tənqid olundu.
Bir əsərə görə şou əhli ilə düşmən kəsilən Fərmanqızı, Xalq artisti Flora Kərimova ilə toqquşdu. Onların aralarında qalmaqal ara-bir səngisə də, bir neçə gün öncə yenidən alovlanıb. Buna səbəb isə F.Kərimovanın “Nəsimini bərbad hala salan Afət” ifadəsi olub. Müğənni Afət Fərmanqızı şəxsi “Instagram” hesabında videopaylaşım edib, Xalq artistini “Yekaterina” adlandıraraq, sərt mesaj yollayıb:
“Toylardan vaxtım yoxdur ki, “Yekaterina”ya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam, “Instagram” tab gətirməz. Siyasət adamı deyiləm, amma bir əqidəyə qulluq edirəm. Xəyanətkar həmişə xəyanətkardır. 78 yaşında vannaya lüt uzanan, siyasi karyerasını buqələmun kimi dəqiqədə bir dəyişən, “sidik içirəm” deyən insan hər şey edər.
Zamanında “JEK” müdirindən tutmuş, qapı-pəncərə ustalarınadək həyatında olub. O yolları sən bilirsən. Bu yolları sizdən öyrənmişik, amma yaxşı ki, getməmişik. Zamanında sosial şəbəkə aktiv olmadığı üçün xalq bu siyahını dəqiq bilmir. Neçə ailələri gözüyaşlı qoymusan. Ağıllı ol, adları ilə bilirəm. Özü də kim səni alıbsa, sevgili olubsa, ürəyi yatıb, ölüb. Bilmirəm nə məsələdir…”
Afətin bu açıqlamalarından sonra Xalq artisti Flora Kərimova da susmayıb. Kərimova Fərmanqızına “Vay o günə ki, kişilərin artığı olasan” deyərək, fikirlərini qarşı tərəfə daha kəskin formada bu cür ünvanlayıb:
“İki ali təhsil sahibi, müəllim-müğənni” fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun.
Toyların azalıb, “mən-mən”də dəbdən düşüb deyə, əlacsız qalıb yeni qalmaqal dilənirsən. Bütün Azərbaycan mənim zarafatımı başa düşdü, sən – “filoloq, alimdən” başqa. İş ki qaldı “ət və pişik” misalına – ovçu olmaq taleyin gətirmədi.
Sənin qismətin ancaq qurbanlıq olmaqdır, hələ də olursan. Bir məkana verilən adlara gəldikdə isə “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami küçəsi” – bunların heç biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil.
Bazarda işləyənləri “Nəsimi” adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir. Bu qədər millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim: Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatasını” yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “Sığmazam” qəzəlinin faciəsini dərk edib, mənəvi sərvətimiz olan “Nəsimi” kontatasını yazdı. Sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin. Buna görə sənə “əhsən” düşür.
İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən? Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sirasında səslənərdi. Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığının nə bədənə, nə ağıla ziyanı var. Vay o günə ki, kişilərin artığı olasan.
Afət, sevirəm deyib “dini kəbinə” girib (gah qolunu, gah kəbinin üz qabığını göstərdin) keçirdiyin sabaha güvənməyən qadın. Sənə uşaq cəlladı olmağına acıyıram. Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünü yerə çırpıb, kiçiltdin ki, sayılası düşmən da ola bilmədin”.
Təqdim etdiyimiz savaşlar müğənni Kərim Abbasovla onun keçmiş həyat yoldaşı prodüser Təranə Səmədova arasında “xınayaxdı”ya gedəsidir desək, heç də yanılmarıq. Tərəflər aralarında yaşanan bir çox hadisələri çılpaqlığı ilə danışıb, arxivləri bir-bir vərəqləyib, gün üzünə çıxarıblar.
İlk söz şilləsi müğənni Kərim Abbasovdan gəldi. Sənətçi prodüser Təranə Səmədova ilə evliliyindən danışaraq, eks həyat yoldaşının onun başına açdığı oyunları ortalığa çıxardı:
“Təranənin mənə vurduğu zərbələri heç Allah belə vurmayıb. Onu bağışlaya bilmirəm. Əlimə şans düşsə, Təranəni bir qaşıq suda boğaram. Baxmayaraq ki, bütün yaşananların üstündən 12 il keçib. Mənə çox haqsızlıqlar edib. Amma heç vaxt Təranənin mənə qarşı etdiklərini danışmamışam, danışmaram da, çünki onun da bir qız övladı var. Susmuşam, amma o, hər zaman məni efirlərdə təhqir edib.
Kərim Təranənin ucbatından vəfat etmiş atası və qardaşının ona ölüm planı hazırladığını deyib:
“Təranənin ucbatından qardaşımla rəhmətlik atam məni öldürmək istəyiblər. Onları qınamıram. Çünki çox pis vəziyyətdə idilər. 12 il bundan öncə Təranənin ağzından çıxan bir sözə görə hörmətli bir kişi və bir qardaş utandıqlarından evdən çölə çıxa bilmirdilər.
Pilləkənlə evimə çıxanda eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızırlar. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir vəziyyətdə idim ki, öz canıma qəsd etmək istəyirdim”.
Abbasovun ürəyi bununla da sakitləşmədi. O, daha da irəli gedərək teleaparıcı və jurnalist Elçin Əlibəyli haqda şok iddialar səsləndirdi. Müğənninin iddiasına görə, aparıcı Elçin Əlibəyli onunla cinsi əlaqədə olmaq istəyib.
İddiaya görə, Əlibəyli onunla cinsi əlaqəyə girmək üçün illər öncə Kərimlə müqavilə imzalayıb. Kərim isə müqaviləni cırdığına görə, Elçin və müğənninin keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova əlbir olaraq ona qarşı oyun oynayıblar.
Kərim keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova haqqında şəxsi “Instagram” hesabında inanılmaz açıqlama verib. Abbasov qarşı tərəfin şərəf və ləyaqətini alçaldacaq sözlərlə Səmədovanı hədələyib. Abbasovun Səmədova haqqında yazdığı açıqlamalardan sonra Təranə şəxsi “Instagram” səhifəsində keçmiş həyat yoldaşı Kərimin keçmiş şəxsi həyatı ilə bağlı dəhşətli iddialar yazıb.
Xoşagəlməz hadisələr burulğanına düşən prodüser Təranə Səmədova ÇıxışYolu.Com-ın kamerası önünə keçərək, keçmiş həyat yoldaşı Kərim Abbasov haqqında şok iddialar və açıqlamalar səsləndirib. Səmədova Abbasovun uzun illər məşhur modelyer oğlanla sevgili olduğunu və onların dəfələrlə görüşdükləri haqqında inanılmaz iddialar səsləndirib. Məşhur prodüser Təranə Səmədova Kərim Abbasovun gizlinlərini bir-bir üzə çıxarıb.
Rəşad Əliyev