İyirmi altı ildir Ukraynada itkin hesab edilən həmyerlimiz Şükürov İlham Ağamirzə oğlu Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Vətənə yola salınıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz bu müddət ərzində Dnepr şəhərində baxımsız vəziyyətdə yaşayıb.
Doğmaları onun itkin düşdüyünü hesab ediblər. Bu günlərdə səfirliyimiz və həmyerlimiz Ruslan Seyidovun səyi nəticəsində İ.Şükürov tapılaraq ilkin olaraq xəstəxanada müalicə etdirilib.
İ.Şükürovla keçirilən görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq vətəndaşlarımızın problemlərinin həlli səfirliyin prioritet istiqamətlərindən biridir. Artıq səfirlik tərəfindən bir neçə vətəndaşımıza qayğı göstərilərək Vətənə yola salınıb. İ.Şükürovun da sənədləri düzəldilərək Azərbaycana, doğmalarının yanına göndərilib.