Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitə və güclü təsiredici maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı Orxan Azayevin adına Amerika Birləşmiş Ştatlarından daxil olan poçt bağlamasına rentgen aparatıyla baxış zamanı monitorda şübhəli əşyaların təsviri görünüb.
İnvoysda “sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazl” sözlərinin qeyd edildiyi həmin bağlamada 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələm, üzərində “puzzle” sözü yazılan üç qutu, üzərlərində “FUEL 420” və “Marijuana Product” sözləri yazılan 8 ədəd paket aşkar olunub.
Lakin üç pazl qutusundan içərisində maye olan 45 ədəd elektron siqaret müştüyü, 8 ədəd paketdən isə qırmızı rəngli maddələr çıxıb.
Sözügedən poçt bağlamasını Orxan Azayevə məxsus şəxsiyyət vəsiqəsilə qəbul etmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Etibar Babayev Orxan Azayevin ölkədə olmadığını bildirib.
Bağlamada olan şübhəli əşyalarla bağlı izahat vermək üçün Etibar Babayev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub.
Lakin Etibar Babayev avtomobillə idarəyə gətirilərkən, o, yolda tıxac yarandığından asta sürətlə hərəkətdə olan avtomobilin qapısını bir anda açaraq qaçıb.
Bununla əlaqədar, adları çəkilən hər iki şəxsin müəyyənləşdirilərək saxlanılması üçün əməliyyat qrupu yaradılıb.
Əməliyyat qrupunun üzvlərinə daxil olan məlumat əsasında, Orxan Azayev Bakı-Moskva aviareysilə ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb. Onun çamadanında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, yazılı və ya elektron formada bəyan olunmayan bir konvalyutda iki ədəd qırmızı və bir qutuda 16 ədəd ağ rəngli həblər, bir ədəd içərisində maye olan elektron siqaret müştüyü və bir ədəd elektron siqaret aparatı aşkar edilib.
Orxan Azayev izahatında bildirib ki, onun adına poçt bağlamasını köhnə tanışı Etibar Babayev sifariş edib. O, bağlamanın içərisindəki əşyalardan xəbərsiz olduğunu, çamadanda aşkar olunan dərman preparatlarını isə ağrıları ilə əlaqədar qəbul etdiyini deyib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, poçt bağlamasında aşkar edilən 45 ədəd elektron siqaret müştüyündəki maye ümumi çəkisi 23,805 qram olan həşiş qətranıdır. Həmin bağlamadan çıxan 8 ədəd paketdəki qırmızı rəngli maddələrin tərkibi isə çətənə bitkisinə məxsus narkotik aktivliyə malik tetrahidrokannabinoldan ibarətdir.
Çamadanda aşkarlanan 2 ədəd qırmızı və 16 ədəd ağ rəngli həblər tramadol hidroxlorid tərkibli dərman preparatı, 1 ədəd elektron siqaret müştüyündəki maye isə çəkisi 0,729 qram olan həşiş qətranıdır.
Xatırladaq ki, tramadol hidroxlorid tərkibli dərman preparatı “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir və aşkar edilən 18 ədəd həbdə təsiredici maddənin ümumi miqdarı 1,25 qramdır.
Həşiş qətranı isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.