İtaliyada qeyri-stabil hava şəraiti üç nəfərin ölümünə səbəb olub.
“RİA Novosti” xəbər verir ki, Afrika anti-siklonunun təsiri ilə iki həftə davam edən anomal yüksək temperaturdan sonra Antlantik hava kütlələrinin ölkəyə daxil olması ilə leysan yağışlar yağıb.
Şənbə günündən başlayaraq ölkənin şimal və mərkəzi rayonlarında güclü küləklə müşayiət olunan leysan və dolu yağışı müşahidə edilib.
Bu səbəbdən həmin ərazidə bir çox çaylar məcrasından çıxıb, evlərə və digər sosial obyektlərə ziyan dəyib.
Temperaturun kəskin dəyişməsi 3 nəfərin ölümünə də səbəb olub. Toskana vilayətində 72 yaşlı kişi sel sularının qurbanı olub. Onun cəsədi maşının yanında tapılıb.
Boltsanoda isə ildırım dağ yürüşündə olan norveçli idmançı qadını vurub.
Üçüncü ölüm faktı Romaətrafı Foçen qəsəbəsində qeydə alınıb. 27 yaşlı qadın qasırğanın qurbanı olub.