Ağstafada partlamamış raket mərmiləri aşkarlanıb.
ANAMA-dan ÇıxışYolu.Com-a verilən xəbərə görə, bu gün saat 11:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Dağkəsəmən kəndi ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd tərkibində partlayıcı maddə olan və 1 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 122 mm-lik 9M22U raketi aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin ətrafında 2 500 kvm əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.