Azərbaycanda iki əsr əvvəl alman qəsəbəsi kimi salınmış Helenendorf, indiki Göygöl şəhərinə vaxtilə burada yaşamış almanların törəmələri səfər edib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, alman qonaqlar Göygöl şəhərinin tarixi, mədəniyyəti, sosial-iqtisadi vəziyyəti, turizm imkanları, eləcə də burada qorunan tarixi alman izləri barədə məlumatlandırılıblar.
Almaniyalı qonaqlar Göygöl şəhərinə bu dəfəki səfərlərində Pasxa bayramlarını dədə-babalarının doğma yurdlarında keçirmək arzularını da gerçəkləşdiriblər. Onlar 1854-cü ildə tikilmiş Alman Lüteran kilsəsində öz dini ayinlərini icra edib, bayramlaşıblar.
Ən kövrək anlar Göygöldəki alman qəbirstanlığında yaşanıb. Əcdadlarının qəbirlərini ziyarətə gələn qonaqlar öz təəssüratlarını məhz burada bölüşüblər.
Qeyd edək ki, iki əsr bundan əvvəl Çar Rusiyasının razılığı ilə könüllü olaraq Almaniyanın Vürtenberq vilayətindən yüzlərlə alman ailəsi imperiyanın bir sıra ərazilərində, o cümlədən, Cənubi Qafqazda yerləşdirilib.
Gəncə yaxınlığındakı Xanlıqlar adlanan kənddə də ilk mərhələdə 118 alman ailəsi məskunlaşdırılıb. Beləliklə, 1819-cu ildə Xanlıqlar kəndi Helenendorf adlı alman koloniyasına çevrilmiş olub.
Tezliklə Helenendorf daha da genişlənib, əhali sayı artıb, küçələr salınıb və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikilib.
Helenendorf almanları Rusiyanın iqtisadi həyatına da öz töhfələrini veriblər. Şərabçılıqla məşğul olan Hummel və Forer qardaşlarının adları Avropa sənaye bazarında məşhur olub.
Almanlar məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya Müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs bu günədək qorunub saxlanılıb.
Onu da bildirək ki, prezident İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb.
Nazir Quliyev