Aktrisa Oksana Rəsulovanın fikirləri ilə tam razıyam. “Altın Kelebek”lə bağlı keçirilən tədbirdən heç xoşum gəlmədi. Çox aşağı səviyyədə hazırlanmışdı. Ona görə, beş dəqiqədən artıq tədbirdə qalmadım və çıxıb getdim.
Bu sözləri müğənni Nura Suri ÇıxışYolu.Com-ın əməkdaşı ilə söhbətində deyib. Sənətçi, ötən ayın ortası “Altın Kelebek”in Azərbaycanlı namizədlərlə bağlı keçirilən mərasimdə qarşılaşdığı hörmətsizlikdən danışıb, etiraz etdi:
“Oksana kimi gəlib masa gözləmədim. Çünki bizim üçün masa öncədən hazırlanmışdı. Gecə məni qanə etmədi. Sanki nəyisə etmək xatirinə tədbir qurulmuşdu. Nə təşkilatçılıq, nə masa, heç nə xoşuma gəlmədi. Gəlməyimə də çox peşman oldum. Qapının önündə bir neçə maqazin verilişinə müsahibə verib, çıxıb getdim. Gecənin hansı səviyyədə keçəcəyi qırmızı xalıdan bəlli idi. Səsvermənin uzun müddətdir dayandırılması və dekabrın səkkizinə təyin olunub, sonradan təxirə salınması mənim üçün qeyri-müəyyən qaldı”.
Tədbirin “promo” çarxına çəkilmək üçün hazırlıq işlərinə (red: geyim, makiyaj, saç) külli miqdarda pul xərclədiyini bildirən Nura, “Türkiyədə mükafatlandırma keçirilməyəcək təqdirdə azərbaycanlı namizədlərin onuna da təzminat ödəməlidirlər”- deyib fikirlərini bu cür şərh etdi:
“Bilirsiniz ki, dekabr ayında bizim işlərimiz olur, özümüz də məhərrəmlik ayından yenicə çıxmışıq. Ayın yeddisi tədbirim var idi, məcbur qalıb ləğv etdim. Çünki dekabrın 7-si İstanbula yola düşməli idik. Gördüyünüz kimi, “Altın Kelebek” heç olmadı da. Biz zamanımızı ayırıb mükafatlanma üçün videoreportaja çəkilmişik. Həmin videoreportaj telekanallarda yayımlanmalı idi ki, insanlar yerli namizədlərini tanıyıb səs verə bisin. Amma bunların heç biri olmadı. Günümüz hədərə getdi. Məhz o gün üçün bəzənib-düzəndim, geyinib-keçindim. İşçilərimə makiyaj və saçıma görə külli miqdarda pul xərclədim. Ondansa gedib həmin gün özümə klip çəkərdim. Bütün namizədlər vaxtlarını sərf edib o reklamlara çəkildilər. Onların istəyi ilə reklam etdikləri məhsulun fonunda fotolar çəkdirib sosial media hesablarımızda paylaşdıq. Amma ortada bir şey də olmadı. Əgər Türkiyədə mükafatlandırma gecəsi keçirilməyəcəksə, onlar on nəfərin onuna da təzminat ödəməlidirlər. Bunun başqa adı yoxdur.
Ümümiyyətlə, “Altın Kelebek”in Türkiyədə baş tutub-tutmayacağı da bəlli deyil. Bütün bunlar insana heç də xoş gəlmir. Türkiyədə “Altın Kelebek” çox hörmətli və mötəbər mükafatlandırma mərasimidir. Bu tədbirin ətrafında xoşagəlməz anların yaşanması “Altın Kelebek”i gözdən və nüfuzdan salır. Yaxşı olardı ki, yaşananlarla bağlı təşkilatçılar çıxıb açıqlama verərdilər. Biz bütün bunları özümüzə qarşı hörmətsizlik sayırıq”.
Sənətçi müsahibəsində “Altın Kelebek”in siması seçilən aktrisa Demet Özdemiri tanımadığını söylədi:
“Türkiyədən gələn xanımı tanımıram. Mənə elə gəldi ki, onların istədikləri kimi, məsələlər öz həllini tapmadığı üçün son anda onlar tanınmamış (bilmədim o, aktrisadır, yoxsa model) xanımı Azərbaycana dəvət etdilər. Ümumiyyətlə, mən o xanım haqda heç zaman heç nə eşitməmişəm. Türkiyədə tez-tez oluram və oranın məşhurlarını yetərincə tanıyıram, fəaliyyətlərindən xəbərim var. Serial və filmlərini də izləyirik. Demet reytinqi aşağı olan bir seriala çəkilib. Tədbirə qatılanda Demet adlı xanıma da rast gəlmədim. Çünki mənim gəlməyimlə-getməyim bir oldu. O xanımı da ertəsi gün saytlarda gördüm. Oradan onu tanıdım”.
“Altın Kelebek”lə bağlı ciddi problemlərin olduğunu bildirən müğənni onlara təşkilatçılar tərəfindən oyun oynanıldığını vurğuladı:
“Təyyarəyə biletlərin alınması, hotel nömrəsinin bron edilməsi təşkilatçıların öhdəsində idi. Səsvermə öncədən dayandırıldığı üçün bəlli idi ki, mükafatlanma olmayacaq. Bir növ sanki bizimlə “oyun” oynanıldı.Təşkilatçılar bizdən bütün bunlara görə üzr istəməlidirlər. Başa düşürəm ki, bizə deyilməyən problemlər var. Tədbirə qatılanda bunun şahidi oldum”.
Nura Suri redaksiyamızın əməkdaşı ilə söhbətində “Altın Kelebek”in simasında bir çox mükafatlandırma mərasimlərinə etibarının qalmadığını dilə gətirdi:
“Mən artıq bu cür mükafatlandırma mərasimlərinin əleyhinəyəm. İstər ölkə daxili, istərsə də ölkə xaricində keçirilən mükafatlandırma gecələrinə etibarım qalmadı. 16 ildir ki, səhnədəyəm və bu kimi mərasimlərə dəyərli vaxtımı sərf etmək istəmirəm. Bu hadisələrdən sonra iştiraka nə niyyətim, nə də ki, istəyim var. Bu sahədə ilk addımlarımı atsaydım, o başqa məsələ. Dəfələrlə mükafatlandırmalar olub, heç qatılmamışam da. Şəxsən mənim üçün fəxri ad almağımız bizim üçün daha önəmli və daha vacibdir.
“Altın Kelebek”ə çox inanırdım. Çünki orada Ajda Pekkan və Tarkan kimi superstarlar var. Bir növ bu bizim üçün stimul idi. Bu da mənim üçün xoş idi. Görəndə ki, bu cür hallar yaşanır mənə də xoş olmadı”.
Qeyd edək ki, geniş auditoriyaya təqdim edilən “Altın Kelebek”in siyahısında olan on yerli məşhur namizəd bunlardır: Xalq artisti Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova.
Rəşad Əliyev