“Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən populyar azərbaycanlı müğənni Elariz Məmmədoğlu Amerikada yaradıcılıq fəaliyyətini davam etdirir.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi vaxtaşırı şəxsi “İnstaqram” hesabında xaricdəki yeni həyatı haqqında foto və videolar paylaşaraq, yaşam tərzini bir növ reklam edir. E.Məmmədoğlu musiqisi və sözləri Elçin İmanova məxsus “Doğma Amerika” adlı mahnını özünəməxsus şəkildə lentə alıb. Müğənni Amerikanın gəzməli-görməli yerlərini çəkərək oxuduğu mahnını videoya əlavə edib.
“Amerika, əzizim, mən səni sevirəm, ancaq axşamları yalnız Bakı üçün darıxacağam” deyən Elariz Məmmədoğlu paylaşımına buna bənzər sözlər əlavə edib: “Amerika, əzizim, mən səni əbədi sevirəm, amma ulduzlu gecələrdə Bakı üçün darıxıram”.
Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi dördüncü dəfə baba olub və Nyu-York restoranlarının birində özünə iş tapıb. O, Amerikada baş tutan bir çox azərbaycanlıların toylarını idarə edir.
Rəşad Əliyev