ÇıxışYolu.Com – “Arsenal” və “Çelsi” Bakıya gəlmək üçün mübarizəyə qoşulur

Baxış sayı: 3. 061 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Arsenal” və “Çelsi” Bakıya gəlmək üçün mübarizəyə qoşulur

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, oyunlar İngiltərənin paytaxtı Londonda və Almaniyanın Frankfurt şəhərində keçiriləcək.

23:00 “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya)
“Emireyts” stadionu. Baş hakim: Kleman Türpen (Fransa)

Londonda keçiriləcək bu görüşdə favorit meydan sahibləri sayılır. Düzdür, Unai Emerinin yetirmələri İngiltərə Premyer Liqasında ardıcıl üç oyundur ki, məğlub olur. Bununla belə, “Arsenal” mövsümü titulla başa vurmaq və Çempionlar Liqasında növbəti mövsüm üçün yerini təmin etmək üçün bütün gücünü bu yarışa verib. Düzdür, bundan əvvəlki mərhələdə güclülərdən “Napoli”ni kənarlaşdırmış “Arsenal”ın İspaniya təmsilçiləri ilə uğursuz statistikası var. Ancaq onu da unutmayaq ki, “Arsenal”ın sükanı arxasında üç dəfə “Sevilya” ilə bu turniri qazanmış məşqçi var və o bir ispaniyalı kimi “Valensiya”nın oyun tərzini daha yaxşı tanıyır.

Hər iki komandada yetərincə itkilər var. “Arsenal”da ispaniyalılardan Ektor Belyerin və Denis Suares həmyerlilərinə qarşı oynaya bilməyəcək. Bundan başqa, Rob Holdinq, Deni Uelbek və uelsli Aaron Remzinin də zədə üzündən oynamayacağı dəqiqdir. Qarşı tərəfdə isə “Arsenal”ın sabiq futbolçusu, fransalı Fransis Koklen cəza üzündən oynaya bilməyəcək. Həmçinin “Sevilya”dan tanıdığı futbolçular – rusiyalı Denis Çerışev və fransalı Jofre Kondoqbya zədəyə görə meydana çıxmayacaq.  

23:00 “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə)
“Kommersbank Arena”. Baş hakim: Karlos del Sero Qrande (İspaniya)

Favorit “Çelsi” sayılsa da, “Ayntraxt”ın da qələbə qazanmaq şansları var. Bu komanda Portuqaliya nəhəngi “Benfika”nı kənarlaşdırmaqla artıq öz gücünü ortaya qoya bilib. “Çelsi” də “Arsenal” kimi İngiltərə Premyer Liqasından Çempionlar Liqasına getməmək kimi təhlükə ilə üzləşib. Bu üzdən Almaniyadan sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Bu matçda altı futbolçunun oynamayacağı dəqiqdir. Almaniya klubunda aparıcı futbolçularından olan xorvatiyalı hücumçu Ante Rebiç cəzalıdırsa, israilli Taleb Tavatha zədəlidir. Qarşı tərəfdə isə Uels millisinin üzvü Etan Ampadu, almaniyalı Antonio Rüdiqer, hollandiyalı Martin van Qinkel və Kalum Hadson-Odoy zədə üzündən Frankfurtdakı matçı buraxacaq.

Xatırladaq ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV