Əməkdar artist aşıq Samirə Əliyeva son günlər paylaşımları ilə diqqət çəkir. Belə ki, yaydığı fotolarda sənətçinin qrimlənərək işgəncəyə məruz qaldığı, əllərinin zəncirlə ağaca bağlandığı görüntülənir. Digər şəkillərdə isə Samirə milli geyimdə at üzərinə çıxıb.
İzləyicilər sosial şəbəkələrdə sənətçini, adətən, belə fərqli obrazda görmədikləri üçün “Görəsən, Samirəyə nə olub?” kimi rəylər yazıblar.
Məsələ ilə bağlı ÇıxışYolu.Com-ın əməkdaşı Samirə Əliyeva ilə əlaqə saxlayıb. O, həmin görüntülərin klipdən olduğunu söyləyərək, canlandırdığı əzab və iztirab çəkən qadın obrazı haqqında danışıb:
“Paylaşdığım fotolar işıq üzü görəcək yeni klipimdəndir. “Ruhani” instrumental saz havasına ekran həyatı verməyi qərara aldım. Musiqinin səslənməsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xor kapellası da iştirak edib. Klipin əvvəlində “Məni məndən alan sazım” ifadəsini səsləndirərək solo ifama keçid alıram. Görüntülərdə həyatımda yaşadığım əziyyətlər, uğursuzluqlar və sevinc əks olunub. Yəni mənim də hamı kimi mübarizə apardığım, əlim-qolum zəncirlənmiş, əlacsız vəziyyətdə qaldığım anlar olub. Faciə yaşamasam da, hər bir insan kimi çətinliklərə sinə gərməyə çalışmışam. Klipin sonunda isə zəncir qırılır və mən aydınlığa, gözəlliklər diyarına çıxıram. Ekran işinin ideya müəllifi də özüməm”.
Haqqında xoşagəlməz sözlər eşitdiyini bildirən sənətçi qeyd edib ki, onu saz ifaçılığında zəif adlandıranlar da var:
“Qulağıma “Samirənin saz ifaçılığı zəifdir” kimi sözlər çatır. Sən demə, kimlər üçünsə mənim saz ifaçılığım zəifdir. Ona görə də bundan sonra çalışacağam ki, instrumental ifalarımı daha da çoxaldım. Heç kimdə günah axtarmıram, çünki bu ifalarımı nədənsə az nümayiş etdirmişəm. Çalışağam ki, ifa edəcəyim hər bir saz havasını tamaşaçılara doğru-dürüst çatdırım. Bu isə mənim pedaqoqluğumla bağlı məqamlardır”.
Azərbaycan Dövlət İncəsənət Universitetində dərs deyən sənətçi gənclərin aşıq sənətinə bu qədər önəm verməsinin onu bir aşıq kimi çox sevindirdiyini, ildən-ilə aşıq sənətinə marağın və axının artdığını deyib.
S.Əliyeva aşıq Əli ilə duetlərə müəyyən müddət son qoyduğuna da vurğulayıb:
“Solo ifaya üstünlük verməyi qərara aldım. Çünki hər şeyi duet şəklində ifa etmək doğru deyil. Elə ifalar var ki, onu duet şəklində təqdim edəndə gözəl alınmır. Həm Əlinin, həm də mənim tamaşaçı kütləm bizi artıq ayrı-ayrılıqda görüb, mahnılarımızı dinləmək istəyir. Elə başa düşməsinlər ki, aramız sərinləşib. Əsla belə deyil. Hər şey yaxşıdır. Gələcəkdə Əli ilə daha bir duet oxumağı düşünürük”.
Əməkdar artist sosial mediada bir o qədər fəal olmamasını da izah edib:
“Səhifəni doğru-düzgün idarə etməyi bu işi bilən birinə tapşırmaq gərəkdir. Mənim isə buna nə gücüm, nə imkanım, nə də marağım var. Mənim reklama ehtiyacım yoxdur. Bilirəm ki, “İnstagram”da izləyici kütləsini artırmaq olur. Bunu bir çox həmkarlarım da edir. Lakin bu da mənə lazım deyil. Çünki hiss edirəm ki, mənə diqqət və tələbat yetərincədir”.
O, “İnstagram”dan pul qazanmasa da, həmkarlarının qaz vurub, qazan doldurduqlarına da eyham vurub:
“İnstagram”dan pul qazanmıram. Hesabımı illər öncə bağladım, sonra da duet ortağım Ceyhun Qalaya hədiyyə etdim. Keçən il yenidən özümə səhifə açdım. Çalışıram ki, orada heç bir problemlə qarşılaşmayım. Həmkarlarıma isə halal olsun ki, oturduqları yerdə internetdən babat pul qazanırlar.
Milyonlar dalınca qaçan sənətçilərdən deyiləm. Samirənin adı da, işi də kifayət qədər tanınır və göz önündədir. Məqsədim isə ortalığa keyfiyyətli iş qoyaraq, Samirənin hələ də meydanda olduğunu göstərməkdir”.
Rəşad Əliyev