Astarada sel suları bir ailəni çox çətin vəziyyətə salıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, aprel ayının ortalarında yağan intensiv yağışlar nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini Səfail Xanhəsən oğlu Hidayətova məxsus 4 otaqlı evi yaşamaq üçün yararsız vəziyyətə düşüb. İlboyu torpaq sürüşməsinin aktivliyi müşahidə olunan ərazidə bu dəfə sel suları evlə yanaşı, sitrus bağlarına, şəxsi təsərrüfatdakı heyvanlara da böyük ziyan vurub.
Belə ki, evin yaxınlığında dağlıq ərazidən sürətlə gələn sel suları torpaq qatında çat yaradıb və sonradan yerin altı ilə hərəkət edərək 1 hektara yaxın ərazini yuyub aparıb. Hazırda sözügedən evdə yaşamaq təhlükəli olduğundan ev sahibi həyətdəki qarajda, onun ailə üzvləri isə qohumların evlərində qalır.
Qəsəbə icra nümayəndəliyindən bildirilib ki, əlaqədar qurumlara artıq məlumat verilib, əraziyə baxılıb. Gələcəkdə zərərçəkmiş qəsəbə sakinlərinə lazımi köməkliyin göstərilməsi üçün işlərə başlanılıb.