Avarçəkənlərimiz beynəlxalq yarışda 12 medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, idmançılarımız İtaliyanın Aurontso di Kadoro bölgəsində keçirilən yarışda aktivlərinə yeddi qızıl, iki gümüş və üç bürünc medal yazdıra biliblər.
Avarçəkmənin kayak və kanoe növləri üzrə Beynəlxalq Kanoe Federasiyasının keçirdiyi beynəlxalq yarış U-16 (16 yaşadək), yeniyetmələr və gənclər arasında gerçəkləşib. Yarışa 15 ölkədən 600-dən çox idmançı qatılıb. Azərbaycanı bu yarışda 200, 500 və 1000 m məsafələrdə beş idmançı təmsil edib.
Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafələrə yürüşdə ilk yeri tutub. 200 metrdə isə bürünc medal qazanıb. Daha bir bürünc medalı Vadim Hüseynov 1000 metr məsafəyə yürüşdə əldə edib.
Çinçaraşvili – Hüseynov dueti 500 və 1000 metr məsafəyə iki nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayıb. 200 metrdə isə onlar III yeri tutublar.
Yeniyetmələrdən Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə U-16-ların mübarizəsində iki medal əldə edib: 500 metrdə I, 200 metrdə II yer. Gülnarə Həmzəyeva da C.Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü G.Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.