10-15 oktyabr tarixlərində Avropada Bakı da daxil olmaqla 2020-ci ildə 12 şəhərdə keçiriləcək qitə çempionatının seçmə mərhələsinin oyunları keçirildi.
ÇıxışYolu.Com bu yazıda hansı komandaların Avro-2020-yə çıxmasından, hansı komandaların şanslarının qalmasından və digər məqamlardan bəhs edəcək.
Öncə onu bildirək ki, Avropa çempionatının 24 iştirakçısından 20-si məhz noyabrda başa çatacaq seçmə mərhələ vasitəsilə müəyyənləşəcək. Digər dörd komandanın kimliyinə isə UEFA Millətlər Liqası vasitəsilə aydınlıq gələcək. Beləliklə, başlayaq.
A qrupu
Vəsiqə şansı qalanlar: İngiltərə, Çexiya, Kosovo.
Hər üç komandanın aktivində hələ iki matç var. Əslində qrup lideri İngiltərəyə noyabrda Monteneqro ilə heç-heçə etmək də kifayət edir. Belə olan halda, dünya dördüncüsü olan ingilislər AÇ-yə vəsiqə qazanacaq. Çexiya və Kosovo isə daha çox qrup ikincisi olaraq AÇ-yə getməyə çalışacaq. Maraqlıdır ki, bu iki komanda məhz noyabrın 14-də bir-biri ilə qarşılaşacaq. Çexiya bu matçda qalib gələcəyi halda, AÇ-yə gedəcək. Kosovo isə qrupda III yeri tutsa belə, Millətlər Liqası vasitəsilə AÇ-yə çıxmaq şansını qoruyub saxlayır. Çünki bu komanda millimizin də yer aldığı D divizionunun qrup qaliblərindən biri kimi yarımfinala vəsiqə qazanıb. Bu qrupda sonuncu sırada olan Bolqarıstanın da AÇ şansları tam tükənməyib. İngiltərəyə 0:6 hesablı məğlubiyyətdən sonra federasiya prezidentinin istefa verməsi ilə nəticələnən bu ölkənin komandası digər qruplarda mübarizə aparan Norveç, Serbiya və Finlandiyadan birinin AÇ-yə getməsi ilə Millətlər Liqasında C divizionunun yarımfinalında mübarizəyə qoşulacaq.
B qrupu
Vəsiqə qazanan: Ukrayna
Vəsiqə şansı qalanlar: Portuqaliya, Serbiya
Bu qrupda Ukrayna nəinki AÇ-yə vəsiqə qazanıb, hətta I yeri özünə iki tur qalmış artıq təmin edib. Qrup ikincisi olmağa ən böyük namizəd isə son Avropa çempionları Portuqaliyadır. Çünki bu komandanın son iki oyunu qrup sonuncuları Lüksemburq və Litvadır ki, həmin matçlarda Portuqaliyanın qələbə qazanacağı daha real görünür. Ancaq bu iki komandadan biri seçmə mərhələ vasitəsilə qələbə qazanmasa belə, Millətlər Liqasında öz divizionunun qalibi kimi AÇ-də mübarizə apara bilər. Lüksemburq isə qrupda şansını itirsə də, Şimali Makedoniya və ya Kosovonun seçmə mərhələdən AÇ-yə gedəcəyi halda Millətlər Liqasının D divizionunun yarımfinalında ən yaxşı qrup ikincisi kimi mübarizəyə qoşulacaq.
C qrupu
Vəsiqə şansı qalanlar: Hollandiya, Almaniya, Şimali İrlandiya
15 xalla qrupda I-II yerləri bölüşən hollandlarla almanların AÇ-yə çıxacağına daha çox adam inanır. Hollandiya vəsiqə qazanmayacağı halda, Avro-2020-yə Millətlər Liqası vasitəsilə düşə bilər. Şimali İrlandiyanın isə işi çətindir. Çünki bu komandanın qalan iki oyunu məhz Hollandiya və Almaniya ilədir. Hətta bu iki matçda qalib gəlsələr belə, xalları 18 olacaq ki, bu da onlara yetməyə bilər. Çünki Almaniya və Hollandiya digər bir oyunda qələbə qazanıb, xalları eyniləşdirəcək və belə olan halda top fərqində irlandların onlardan üstün olacağı inandırıcı deyil. Belarus isə seçmə mərhələ vasitəsilə şanslarını itirsə də, Millətlər Liqasında D divizionunun qalibi kimi AÇ-yə düşə bilər.
D qrupu
Vəsiqə şansı qalanlar: İrlandiya, Danimarka, İsveçrə
Bu qrupda İsveçrə 11 xalla qrup üçüncüsü olsa da, təqvimə əsasən AÇ-yə çıxmaq şansları daha yüksəkdir. Çünki bu komanda son iki turda autsayderlər olan Gürcüstan və Cəbəllütariqlə qarşılaşacaq. Danimarka isə iki xal alsa belə, AÇ-yə çıxacaq. Onlara son turun görüşündə əsas rəqibi olan İrlandiya ilə matçdan xal almaq kifayət edə bilər. İsveçrə və Danimarkanın, həmçinin seçmə mərhələdə şansını itirmiş Gürcüstanın Millətlər Liqası vasitəsilə də AÇ-yə çıxmaq şansları qalır.
E qrupu
Vəsiqə şansı qalanlar: Xorvatiya, Macarıstan, Slovakiya, Uels
Bu qrupda yalnız millimizin şansları tükənib. Digər dörd komanda AÇ şanslarını qoruyub saxlayır deyə, bu qrup ən qarışıq olanıdır. Dünya ikincisi Xorvatiyanı Slovakiya ilə ev matçında heç-heçə də təmin edir. Uduzacağı halda, AÇ-dən kənarda qala bilərlər. Macarıstanın Uelslə bir səfər matçı var. Slovakiya və Uelsin ehtiyatında isə iki matç var. Onların hər birinin autsayder Azərbaycanla görüşlərdə hesabladıqları üç xal çox böyük işlərinə yarayacaq. Qrup dördüncüsü Uels AÇ-yə çıxmaq üçün iki matçda qalib gəlməklə bərabər, xorvatların Slovakiyaya uduzmamasına dua edəcək. İstənilən halda, bu qrupda Xorvatiya – Slovakiya (16 noyabr) və Uels – Macarıstan (19 noyabr) görüşləri əsas taleyüklü qarşılaşmalar olacaq.
Bu yerdə bir məqamı da qeyd edək. Millimizin AÇ şansları seçmə mərhələ vasitəsilə bitsə də, Millətlər Liqası vasitəsilə qitə birinciliyində iştirak etmək şansı cüzi də olsa var. Bunun üçün Millətlər Liqasının D divizionunun qrup qalibləri Kosovo və Şimali Makedoniya, həmçinin qrup ikincisi Ermənistanın seçmə mərhələ vasitəsilə AÇ-yə çıxması lazımdır. Belə olan halda, Azərbaycan Lüksemburqla bərabər ən yaxşı qrup ikinciləri statusunda 2020-ci ilin martında D divizionunun yarımfinal görüşünə çıxacaq. D divizionunun digər yarımfinalçıları isə Belarusla Gürcüstandır.
F qrupu
Vəsiqə qazanan: İspaniya
Vəsiqə şansı qalanlar: İsveç, Rumıniya, Norveç
İsveçə növbəti turda əsas rəqibi Rumıniyanı məğlub etmək də kifayət edir. Hətta bu komanda iki matçında heç-heçə edəcəyi halda belə, AÇ-yə vəsiqə qazana bilər. İstənilən halda, İsveç və Norveç Millətlər Liqasında müvafiq olaraq B və C divizionlarının qalibi olaraq AÇ-yə vəsiqə qazanmaq imkanı əldə edəcək.
G qrupu
Vəsiqə qazanan: Polşa
Vəsiqə şansı qalanlar: Avstriya, Şimali Makedoniya, Sloveniya, İsrail
Avstriyaya son iki matçdan birindən bir xal almaq da kifayət edir. Şimali Makedoniya və Latviya ilə görüşlərdən avstriyalıların bunu edə biləcəyi ağlabatandır. Ona görə bizim qrupdakı kimi burda da dörd komandanın şansları qalsa da, burda vəziyyət o qədər də qəliz deyil. Çünki avstriyalılar digər üç rəqibini beş xal fərqlə qabaqlayır. Onların şansları isə Avstriya hər iki matçda xalsız qalacağı halda, aktivləşəcək.
H qrupu
Vəsiqə şansı qalanlar: Türkiyə, Fransa, İslandiya
Bu, yeganə qrupdur ki, qrupun altı komandasından yarısının şansları var, yarısınınki isə tükənib. Qrup lideri Türkiyəyə evdə İslandiya ilə heç-heçə də kifayət edir. Uduzacaqları halda, Andorra ilə səfər matçında qələbə qazanaraq AÇ-yə çıxacaqlar. Türkiyə ilə eyni xala malik dünya çempionu Fransa isə son iki matçda (Moldova və Albaniya ilə oyunlarda) uduzsa belə, AÇ-yə çıxa bilər. Yetər ki, İslandiya Türkiyə ilə matçın qalibi olmasın.
I qrupu
Vəsiqə qazananlar: Belçika, Rusiya
Bu qrupda artıq iki komanda vəsiqənin taleyini müəyyənləşdirib. Son DÇ-nin bürünc mükafatçısı Belçika və son mundialın meydan sahibi Rusiya yalnız formal xarakter daşıyan iki turda qrup qalibini müəyyənləşdirməklə özlərini motivasiyalandıra bilərlər. Bu qrupdan yalnız Şotlandiyanın AÇ-yə getmək şansı var. Çünki bu komanda ötən payız Millətlər Liqasının C divizionunun 1-ci qrupunu lider kimi tamamlayıb.
J qrupu
Vəsiqə qazanan: İtaliya
Vəsiqə şansı qalanlar: Finlandiya, Ermənistan, Bosniya və Herseqovina
Belçika kimi, İtaliya da bütün görüşlərində qalib gələrək vaxtından əvvəl AÇ-yə vəsiqə qazanıb. Bu qrupda Finlandiya iki matçdan birində heç-heçə etsə, bosniyalılar isə iki matçın birində xal itirsə, tarixində ilk dəfə AÇ-də iştirak edəcək. Ermənistan bu qrupdan çıxsa belə, Finlandiya ilə Bosniya və Herseqovinanın Millətlər Liqasının öz divizionlarının qalibi kimi AÇ-yə getmək şansları qalacaq.
Qeyd edək ki, 21 milli komandanın – Monteneqro, Bolqarıstan, Lüksemburq, Litva, Belarus, Estoniya, Gürcüstan, Cəbəllütariq, Azərbaycan, Farer adaları, Malta, Latviya, Albaniya, Andorra, Moldova, Kipr, Şotlandiya, Qazaxıstan, San Marino, Yunanıstan və Lixtenşteynin seçmə mərhələdə AÇ-yə çıxmaq şansları qalmayıb.
Səbuhi Musayev