Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında kuboku başı üzərinə qaldırmağa iddialı səkkiz komanda ilk duelə çıxıb.
Günün ən məhsuldar oyunu Lissabonda baş tutub. Portuqaliya təmsilçisi “Benfika” Almaniyanın “Ayntraxt” klubunu sınağa çəkib. Juau Feliksin het-triki ilə əlamətdar olan matçda meydan sahibləri rəqibini məğlub ediblər – 4:2.
Böyük maraqla gözlənilən “Arsenal” “Napoli” matçı da meydan sahiblərinin qələbəsi ilə nəticələnib. İngiltərə klubu italiyalılarla ilk qarşılaşmanın taleyini fasiləyədək vurulan qollarla həll edib – 2:0.
Londonun digər klubu “Çelsi” isə Praqada “Slaviya”nın qonağı olub. Turnirin sürpriz komandası olan Çexiya təmsilçisi ingiltərəlilərə layiqli müqavimət göstərsə də, sonda məğlubiyyətə üzülüb – 0:1.
İki İspaniya təmsilçisinin mübarizəsində dörd qol vurulub. “Valensiya”nın hesabı açdığı görüşdə “Vilyarreal” bərabərlik qolu vursa da, “yarasalar” görüşün sonunda qələbə toplarına imza atıb – 3:1.
Qeyd edək ki, cavab oyunları aprelin 18-də baş tutacaq.