Bu gün Azərbaycanı təmsil edən dağıstanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ikinci döyüşünə çıxacaq.
ÇıxışYolu.Com xəbər verir ki, Səudiyyə Ərəbistanında baş tutacaq görüşdə onun rəqibi britaniyalı Tom Litl olacaq.
Ağır çəkidə (+90 kq) baş tutacaq döyüş gecənin doqquz görüşündən biri olacaq. Ümumiyyətlə, ağır çəkidə beş görüş keçiriləcək ki, bunlardan birincisi məhz həvəskar boks üzrə üçqat dünya çempionumuzun keçirəcəyi qarşılaşma olacaq.
Gecənin əsas görüşü ağır çəkili boksçular – xorvat Filip Xrqoviçlə amerikalı Erik Molina (WBC kəməri üçün) və amerikalı Endi Ruiz Juniorla britaniyalı Entoni Coşua (WBA, IBF, WBO və IBO kəmərləri üçün) arasında baş tutacaq.
Yeri gəlmişkən, bu görüş Bakı vaxtı ilə təxminən saat 21:00-da baş tutacaq. Görüş Rusiyanın “Matç TV” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Peşəkar Boks Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, Məhəmmədrəsul Məcidovun meneceri Zaur Əliyevin saytımıza verdiyi informasiyaya görə, bu görüşü izləyənlər arasında ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də olacaq.
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov sentyabrda Nyu Yorkda ilk peşəkar döyüşünü keçirib. O, ABŞ idmançısı Ed Fauntini dördüncü raundda texniki nokautla məğlub edib.
Səbuhi Musayev