Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş müxbiri xəbər verir ki, əvvəlcə açılış mərasimində üç minə yaxın könüllü stadionun meydan hissəsinə çıxıb.
Daha sonra rəsmi şəxslərin mərasimdə olduğu elan olunub. Belə ki, Belarusun Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenkonun və Belarusun Baş naziri, II Avropa Oyunları Təşkilat Komitəsinin sədri Sergey Rumasın iştirak etdiyi açıqlanıb.
Bundan sonra Belarusun dövlət himni səsləndirilib.
Daha sonra bədii hissə nümayiş etdirilib. Bədii hissədən sonra idmançıların paradı başlayıb.
Əvvəlcə Olimpiadanın vətəni olan Yunanıstan idmançıları stadionun qaçış cığırından keçib. Azərbaycan isə altıncı ölkə olub.
Paraddan sonra Avropa Oyunlarının rəsmi mahnısı səsləndirilib. Belarusun tarixini, özəlliyini əks etdirən bədii hissədə tamaşaçılar bu ölkənin keçmişi haqda məlumat toplamaq imkanı əldə ediblər.
Səbuhi Musayev