Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində Braziliya ciu-citsu idman növü üzrə dünyanın qabaqcıl turnirlərindən biri keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, təşkilatçılarının BƏƏ-nin paytaxtı Əbu Dabinin nüfuzlu AJP (Abu Dhabi Jiu Jitsu Pro) federasiyasının və “Azərbaycan Braziliya Ciu-Citsu Klubu” İctimai Birliyinin olduğu yarışda dünyanın 13 ölkəsindən 162 idmançı iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov bu cür böyük bir turnirin ölkəmizdə keçirilməsinə nail olmağı böyük uğur kimi dəyərləndirib. Ölkə başçısı İlham Əliyevin idmana diqqət və qayğısından danışan A.Acalov bundan sonra da Azərbaycanın idman arenasında tanınması üçün əlindən gələni edəcəyini deyib.
Daha sonra tədbirdə çıxış edən beynəlxalq Ludus komandasının rəhbəri, üçüncü dan qara kəmər sahibi Aleksander “Deda” Faria isə Braziliya ciu-citsusu üzrə yarışların keçirilməsinin Azərbaycanda bu idmanın inkişafına təkan verəcəyini bildirib.
Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti də olan Aqil Acalov jurnalistlərə açıqlamasında bəzi məqamlara aydınlıq gətirib:
“Abu Dhabi National Pro” çempionatı Braziliya ciu-citsusu üzrə dünyanın nüfuzlu turnirləri içərisində “Top-10″luqda hesab olunur. Azərbaycan bu idman növündə dünyanın ən güclülərindən sayılır. Biz ev sahibi olduğundan, bu yarışda idmançılarımızın sayı da çoxdur. Bu yarışda 30 azərbaycanlı idmançı mübarizə aparıb”.
Bu yarışa 2 iyun – 23 iyul tarixlərində qeydiyyatdan keçmiş hər bir idmançı 65 dollar ödəyib. Qeydiyyatdan keçməyə gecikənlər isə iyulun 30-dək 80 dollar ödəməklə yarışda iştirak hüququ əldə ediblər.
A.Acalovun sözlərinə iştirakçıların çoxluğu Azərbaycanın digər nüfuzlu yarışı keçirməsi üçün də şərait yaradıb: “Hələ bu yarışı keçirməzdən öncə qarşımıza belə şərt qoyulmuşdu ki, 150-dən çox idmançı bu yarış üçün qeydiyyatdan keçərsə, daha reytinqli turnir sayılan “Grand Slam” (Böyük Dəbilqə) Azərbaycanda keçiriləcək. Biz də bu şərti yerinə yetirə bildik. İnşallah, oktyabrda həmin yarış da Bakıda baş tutacaq”.
A.Acalovun sözlərinə, UFC tarixinin ən məşhur qaydasız döyüşçülərindən olmuş Roys Qreysidən başqa da tanınmış idmançıları Bakıya gətirmək planları var: “Braziliya ciu-citsusunu dünyaya tanıdan Roys Qreysini də ilk dəfə olaraq ötən ilin iyulunda Azərbaycana biz gətirmişik. Ötən ay isə o, Azərbaycan Ciu-Citsu Fedarasiyasının dəvəti ilə Bakıda seminar keçdi. Amma bizdən fərqli olaraq, federasiya Braziliya yox, daha çox Yaponiya ciu-citsusu üzrə fəaliyyət göstərir. Braziliyada ciu-citsu ustaları çoxdur. Roys Qreysidən sonra Deda Farianı dəvət etmişik. Planlaşdırırıq ki, Roys Qreysi səviyyəsində olan digər braziliyalı ustaları bura dəvət edək, həmçinin istedadlı idmançılarımızı xaricə çıxaraq”.
Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq ölkəmizdə idmanın Braziliya ciu-citsu növü üzrə belə böyük yarış keçirilib. Yarış oğlan və qız olmaqla uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilib. Həmçinin kişilər arasında usta idmançılar da mübarizə aparıb. İlk yerin sahibləri reytinqdə 100 xal toplamaq hüququ əldə edirlər.
Səbuhi Musayev