Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Komitədən verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Qazaxıstan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarətindən keçərkən baqajında olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.
Sərnişin gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Ona məxsus baqaj rentgen aparatından keçərkən orada valyutaya bənzər təsvirlər əks olunub. Bundan sonra vətəndaş saxlanılıb və çantasına baxış keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı ona məxsus baqajın içərisindəki pul qabında, əl çantasında, sellofan paketdə 3 mln. 531 min 350 rus rublu, 6 253 ABŞ dolları və 400 manat aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.