ÇıxışYolu.Com - Azərbaycanın taleyini dəyişən qadınlar

ÇıxışYolu.Com – Azərbaycanın taleyini dəyişən qadınlar

Baxış sayı: 2. 294 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanın taleyini dəyişən qadınlar

Bu il Azərbaycanın 10 milyonuncu vətəndaşı doğuldu. Özü də qız övladı…

Dünyadan xəbərsiz olan bu körpə qızcığaz öz gəlişi ilə, təkcə ailəsinə, doğmalarına deyil, həm də bütün ölkəmizə və xalqımıza sevinc gətirdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rauf və Nigar Ocaqovları – gənc ailəni təbrik etmələri və 10 milyonuncu vətəndaşı ziyarət etmələri, həqiqətən də, cəmiyyətdə maraqla qarşılandı.

On milyonuncu vətəndaşımızın doğuluşu kimi yaddaqalan sevindirici hadisə ölkəmiz üçün böyük demoqrafik göstərici sayılır. Bu o deməkdir ki, dünyada azərbaycanlıların sayı artır, körpə səsləri ilə ailələr daha da möhkəmlənir, gələcəyimizə olan ümidlər böyüyür. 

Son statistikaya nəzər salsaq görərir ki, ölkədə əhalinin demoqrafik artımı inkişaf edir. 
Eləcə də Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatında qeyd edilib ki, 2050-ci ilədək Azərbaycan əhalisinin sayı 11 milyona yaxın olacaq.

Hesabata görə isə 11 milyonuncu vətəndaşımızın doğulması üçün bizə 31 il vaxt lazımdır…

Demokratik-hüququ ölkələrdə bu gün, demək olar ki, bütün sahələrdə ailə başqa olmaqla, qadın və kişilərin hüquq bərabərliyi müşahidə olunur. 

Ailə, qadın cəmiyyətin güzgüsüdür. Dünyada 1,3 milyard yoxsul əhalinin 70 faizini qadınlar təşkil edir. BMT-nin hesablamalarına görə, dünyada qidanın 50 faizini qadınlar istehsal edir, lakin onlar ümumi gəlirin yalnız 10 faizini alır.

Dünya parlamentlərində qadın millət vəkilləri yalnız 19,1 faiz təşkil edir. Dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır ki, onların 2/3-ni qadınlar təşkil edir (bu rəqəm son 20 il ərzində dəyişməz qalır). 

Gender nədir?

Bioloji fərqlər əsasında müəyyənləşdirilən cinsdən fərqli olaraq, gender (ona həmçinin sosial cins deyilir) kişi və qadınların ictimai münasibətlər çərçivəsində (məsələn, ailədə, məktəbdə, iş kollektivində) formalaşan rol və vəzifələrini əhatə edir.

Bu rollar və vəzifələr konkret cəmiyyətdə mövcud olan “kişi” və “qadın” sosial kategoriyalarının mahiyyətini təşkil edir. Digər mühüm sosial klassifikasiyalarla bərabər (ictimai sinif, irq, etnik qrup və sair), gender insanların cəmiyyətdəki mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir. 

İkinci Dünya Müharibəsi şəraitində cəmiyyətdə əmək bölgüsünün dəyişməsi gender münasibətlərinə ciddi dəyişikliklər gətirdi. Qadınlara tətbiq olunan bir sıra qadağalar bu dəyişikliklərin nəticəsində aradan qaldırıldı: qadınlar və qızlar təhsil almaq imkanını qazandı, oğlan və qızların ictimai sahədə mütəmadi olaraq ünsiyyətdə olması üçün şərait yarandı, qadınların müəllimlik sahəsində ixtisaslaşıb işləməsi kütləvi hal aldı.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan ziyalları qadınların maariflənməsində bir çox işlər görülüb, bu məsələləri öz məqalələrində saxlamışlar. Onlar yaxşı dərs edirdilər ki, qadın və kişi bərabərliyi olmadan cəmiyyətin inkişafı mümkün deyil. 

Xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin təşəbbüsü ilə 1901-ci ildə bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb Bakıda yaradılıb. Bu məktəb ziyalı qadın nəslinin yetişməsində mayak rolunu oynadı. 

Tağıyevin qadınlara verdiyi önəm bu ifadələrdə öz əksini tapıb:

“Bir kişiyə təhsil versən, təhsilli bir insan, qadına təhsil versən, təhsilli bir ailə qazanarsan”.

Bu işlərin davamı olaraq, 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə ilk dəfə qadın mətbuatı olan “İşıq” qəzeti yaranıb ki, burada qadınların hüquqlarının qorunması, onların maariflənməsinə böyük önəm verilib. 

Tarixə nəzərə salsaq, örnək kimi qəbul etdiyimiz qadınlar olub. Onların hər biri müxtəlif sahələrdə ilklər sırasında olublar.  Buna misal olaraq, ilk qadın pedaqoq – Mədinə Qiyasbəyli, ilk azərbaycanlı qadın dramaturq – Səkinə Axundzadə, Şərqdə ilk opera yazan bəstəkar qadın – Şəfiqə Axundova, ilk qadın balet ustası – Qəmər Almaszadə, ilk peşəkar azərbaycanlı qadın rəssam – Maral Rəhmanzadə, ilk qadın kino aktrisası – İzzət xanım Orucova, ilk qadın heykəltəraşı – Zivər Məmmədova, ilk həkim-ginekoloq – Ədilə Şaxtaxtinskaya, ilk məşhur Azərbaycan şairəsi, ilk qadın şahmatçı – Məhsəti Gəncəvi (XII əsr), ilk uşaq pediatrı – Adilə Namazova, ilk qadın oftalmoloq – Zərifə Əliyeva, ilk qadın şərqşünas alim – Aida İmanquliyeva və başqalarını göstərmək  olar.

Azərbaycan qadınları hətta  kişilərlə bərabər müharibə zamanı öz şücaətlərini əsirgəmədilər. Təkcə İkinci Dünya Müharibəsində deyil, Qarabağ müharibəsində də Azərbaycan qadını kişilərlə çiyin-çiyinə mübarizə aparıblar.

Gender bərabərliyi qanunvericilikdə 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra təhsil alan qızların sayı artdı. Cəmiyyətin ictimai şürundan olan müsbət dəyişikliklər qadınların müxtəlif sahələrdə ölkənin. İctimai-siyasi, mədəni və iqtisadi sahələrində fəal olmağına şərait yaratdı. 

Müasir dövrdə qadınlara qarşı tətbiq olunan gender əsaslı ayrı-seçkilik, qadağalar və stereotiplər həm elmi sahədə, həm də ictimai müzakirələrdə və media səhifələrində geniş işıqlandırılır. Kişilərin rastlaşdığı gender əsaslı məhdudiyyətlər isə yalnız arabir müzakirə predmetinə çevrilir. Lakin bu demək deyil ki, müxtəlif cəmiyyətlərdə kişilər bu kimi problemlərlə üz-üzə gəlmir.

Məsələn, ənənəvi patriarxal dəyərlərin hökm sürdüyü şəraitdə iqtisadi böhran üzündən “ailənin əsas təminatçısı” funksiyasını yerinə yetirə bilməyən kişilər ciddi mənəvi-psixoloji və sosial təzyiqlərə məruz qala bilər.

Buna bənzər mühitdə həyatını ev işlərinə və uşaqların tərbiyəsinə həsr etməyə qərar verən kişi də ətrafdakıların qınaq və ya istehza obyektinə çevrilir. 

Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. 

Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulub. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir.

2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. 2000-ci ildə ölkə başçısı “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb.

Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir.

2006-cı ildə ölkədə “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilib. Bu qanun Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan edir və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrı-seçkilik anlayışı tətbiq olunur.

Qanunda deyilir ki, cinsi mənsubiyyətə görə, ayrı-seçkilik, seksual qısnamalar, cinsi mənsubiyyətə görə fərq qoyma, hansısa istisnalar və ya üstünlük verilməsi, cinsi mənsubiyyətə görə haqların sıxışdırılması və inkar edilməsidir. 

İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsində isə seksual qısnamaya məruz qalmış və öz idarə rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsini qadağan edən düzəlişlər edilib. Ədliyyə Nazirliyi bununla mübarizənin mütləq olması haqqında hakimlər, hüquq mühafizə orqanlarının əməkdaşları, vəkillər üçün hazırlıq kursu təşkil edir. 

Ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Hazırda ölkəmizdə qadınlar dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda təmsil olunurlar.

Parlamentin vitse-spikeri və komitə sədrlərindən biri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri qadındır. Bununla yanaşı, dövlətin güc strukturlarında çalışan, yüksək rütbəli rəhbər vəzifə sahibi olan ümumilikdə yüzlərlə qadın var.

Müxtəlif qurumlarda təmsil olunan, rəhbər vəzifələrdə çalışan qadın mütəxəssislərin Azərbaycanda gender balansının tarazlığı ilə bağlı fikirləri, demək olar ki, birmənalı şəkildə müsbətdir.

Ölkəmizdə gender bərabərliyinə həssas yanaşma var. Bu, Konstitusiyamızda da öz əksini tapıb. Gender bərabərliyi insan hüquqlarının tam həyata keçirilməsi üçün əvəzolunmaz şərtdir. Bu gün dünyada elə bir məsələ yoxdur ki, orada gender komponenti yer almasın. Hətta qəbul olunan bütün sənədlərdə, qətnamə və konvensiyalarda bu məsələ xüsusilə qeyd olunur. Dayanıqlı İnkişaf Məqsədlərində 5-ci məqsəd 2030-cu ilədək gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətlərini artırmaqdır.

Lakin bununla yanaşı, digər məqsədlərin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilib. Qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb.

Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olması unudulmamalıdır. Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir.

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı gender bərabərliyindən də danışıb:

“Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir.

Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik.

Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik”.

Bütün bunların qarşısını almaq üçün daha çox maarifləndirici tədbirlər həyata keçirmək lazımdır. Statistika də göstərir ki, gender bərabərsizliyi bütöv cəmiyyətin və ayrı-ayrı fərdlərin inkişafına saysız-hesabsız zərbələr vurur.

Odur ki, ailədə və cəmiyyətdə gender bərabərliyinin təminatı, qadınlara qarşı ayrıseçkilik və zorakıılığın qarşısının alınması ilə bağlı vətəndaş cəmiyyəti də fəal rol oynayır. QHT-lərin Bakı və bölgələrdə həyata keçirdikləri maarifləndirici seminar və tədbirlər, görüşlər keçirilir. Bu işdə medianın da üzərinə böyük məsuliyyət düşür.

Mütəmadi olaraq, gender bərabərliyi təşviq edən araşdırma yazılar, cəmiyyət üçün müsbət örnəkləri əhatə edən sosial çarx və filmlərin çəkilməsi gender və ailə dəyərlərinin yaşadılması olduqca önəmlidir.

İlhamə Xankişiyeva 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.