Məhəmməd Abdullayev Almaniyada Azərbaycanı və onun mətbəxini təbliğ edən peşəkar aşpazdır. Qreifsvald şəhərində yaşayan Məhəmməd 1987-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Öz arzularının arxasında Almaniyaya gedən aşpaz bu gün mətbəximizin böyük təbliğatçısına çevrilib.
ÇıxışYolu.Com Məhəmməd Abdullayevlə müsahibəni təqdim edir:
– Aşpaz fəaliyyətiniz necə başlayıb?
– Hər şey çoxdan başlayıb. Uşaq yaşlarımdan mətbəxi sevirdim. Amma bunu özümə iş, peşə seçməyim və bu istiqamətdə fəaliyyətim 2007-ci ildən başlayıb. 11 saylı Bakı peşə liseyni bitirmişəm. Həmin vaxtlar bura 68 saylı peşə məktəbi adlanırdı. Daha sonra ustam Anar Qasımovla tanış oldum. O vaxtdan artıq qarşıma məqsəd qoymuşdum ki, peşəkar aşpaz olacam. Bu sahəyə ehtiras yarandı.
Kulinariyanın incəliklərini öyrənməyə başladım. Azərbaycan məbəxi ilə yanaşı, digər mətbəxlərin də konsepsiyasını tamamilə anlamağa çalışdım. Həm öyrənib, həm işləmək mənə şərait yaratdı ki, nəzəriyyəni praktikaya çevirim. Bəli, kulinariya sənət və elmdir. 20 yaşımdan artıq işləməyə başladım və bu gün 32 yaşımda peşəkar aşpaz kimi ölkədən kənarda fəaliyyətimi davam etdirirəm.
– Necə oldu ki, xarici ölkəyə getdiniz? Burada işləriniz alınmadı?
– Xeyr, burada işləmək rahatdır. Sadəcə, özümü inkişaf etdirmək üçün xarici ölkədə bəxtimi sınamaq istədim. Düşünürəm, yaxşı da alınır. Çünki Almaniyanın Qreifsvald şəhərində “Buta” restoranı açdıq və Azərbaycan mətbəxininin ən dadlı yeməklərini onlara sevdirdik.
– Bəzən deyirlər ki, xarici ölkələrdə meyvə-tərəvəzin dadı olmur. Elədirmi?
– Bu suala belə cavab verim. Biz bəzən deyirik ki, suda dad var, meyvədə yoxdur. İnanın ki, bizim tərəvəzlərin, meyvələrin dadı heç bir ölkədə yoxdur. Ən müsbət cəhətlərdən biridir ki, ölkəyə GMO məhsullarının gəlişinə məhdudiyyətlər qoyuldu. Almaniyada bizim yeməkləri hazırlayanda eyni dadı almaq olmur. Məhsulların dadını bənzətmək üçün mütləq ədviyyatlardan istifadə etmək məcburiyyətində qalıram.
Təsəvvür edin ki, yarım metrlik badımcanlar var. Badımcanı bir həftə bişirirsən, qurtarmır (gülür). Həqiqətən, orada tərəvəzlərin – pomidor, bibər, xiyar, badımcanın içərisində toxum yoxdur.
Əlbəttə, onda dad olmayacaq. Mən istixanalarda pomidorların necə süni yetişdirildiyini görmüşəm. Bildiyiniz şəffaf su kimi rəngdən yavaş-yavaş qızarıb qəribə formaya düşür. Çünki onlara dərmanlı su verilir. Bu da, təbii ki, xəstəliklərin yaranmasına səbəb olur. Biz isə öyrəşmişik ki, pomidor yaşıldan qırmızıya dəyişir. Fikrimcə, bütün xəstəliklərin təməlində qida dayanır. Aristotelin maraqlı sözü var. O deyirdi ki, çalışın qidanız dərman, dərmanınız qida olsun.
Məncə, bizim vətəndaşlar eyni yeməyi yerli və xarici məhsullarla hazırlanan iki variantda yesələr, aradakı fərqi dərhal hiss edəcəklər. Amma almanların mətbəxi o qədər kasıbdır ki, onlar bu fərqi o qədər hiss etmir. Və Azərbaycan mətbəxinin istənilən yeməyinin dadı onlarda möhtəşəm təəssürat yaradır.
– Dediniz ki, almanlar bizim yeməkləri çox sevir. Ən çox hansı yeməklərimizə tələbat var?
– Ən çox saciçi, kabablar və dolma. Bu yeməklər ilk üçlükdədir. Digərlərini də sevirlər. Sadəcə, ətli yeməklərə daha çox tələbat var.
– Azərbaycan mətbəxində yeməklərin kifayət qədər yağlı olması xüsusi qeyd edilir. Sizə bu barədə fikir söyləyən olur?
– Bəli, olur. Sadəcə olaraq, bizdə yeməklərin hazırlanma metodu fərqlidir. Bizim aşpazlar, eləcə də, insanlar elə fikirləşir ki, yemək nə qədər yağlı olsa, bir o qədər dadlı olacaq. Yağ və duz yeməyin ən birinci komponentlərindən hesab edilir. Amma əslində, elə deyil. Yeməyi bol yağda bişirmək lazım deyil.
Xüsusilə ət məhsullarını öz suyunda saxlamaq lazımdır ki, dadını itirməsin. Almanlarda ət bişiriləndə 3-4 saat vaxt alır. Bəzən xüsusi qaydada əti yarıbişmiş halda saxlayırlar. Daha sonra onları xüsusi paketlərdə suya qoyub qaynadırlar.
Belə olan halda ətin suyu içərisində qalır. Əks halda ədviyyatlar belə o dadı almağınıza kömək etmir. Almanlarda “fast-food” daha çoxdur. Onlar müəyyən vaxt sərf edib yemək hazırlamağı sevmir. Əksər hallarda yemək saatlarında restoranlara üz tuturlar.
– Almanlar bizim şirniyyatları sevir?
– Almanlar, ümumiyyətlə, şirniyyat sevmirlər. Onların öz mətbəxinə xas olan şirniyyatları belə azdır. Amma ümumilikdə, bizim şirniyyatlardan ən çox tanıdıqları və sevdikləri paxlavadır.
Almanlar daha çox görüntüyə önəm verir. Bəzən internetdə yeməklərin fotolarına baxırıq. Eyni qaydada hazırlayırıq, amma sanki görünüşlə dad arasında fərq var. Biz, əsasən, yeməkləri klassik üslubda təqdim edirik. Düşünürəm, balansı qoruya bilirik.
– Yeməklərin dadı aşpazın öz fantaziyası ilə nə qədər bağlıdır?
– Çox. Belə ki, hər bir aşpazın kulinariya sənəti üzrə geniş bilik bazası olmalıdır. Bacarığı və fantaziyaları öz sözünü deməlidir. Yeməkləri bir qədər dəyişik halda etmək olar. Dadı ilə forması ilə oynayıb onu sanki yeni bir üslubda təqdim etmək olar. Bu insanların marağına səbəb olur.
– Azərbaycan mətbəxinin hansı yeməklərini yeni aranjimanda təqdim edirsiniz?
– Qusarda çıkan deyilən yemək var. Qışın yeməyi olsa da, onu yaz-yay ayları üçün dəyişik formada hazırlamaq mümkündür. Konsepsiyasını qorumaq şərtilə Şəkinin məhşur sürhüllüsü var, tam bişməmiş ətdən hazırlanır, Onu biz restoranımızda hazırlayıb servis edirik. Bundan başqa, Qazaxın qurudlu xəngəli var. Yayma xəngəl qurudla hazırlananda bir başqa dadlı olur. Bizim öz xalqımız bəzən bu yeməklərin əksəriyyətini bilmir. Çalışıram, bu yeməkləri xarici ölkələrdə tanıdım. Bir müddət sonra artıq bu yeməklər unudulub gedəcək.
Bir də onu deyim ki, Qarabağ mətbəxinə aid olan qəlya adlanan yemək var. Tərkibində çərəz, turşu, zirinc istifadə edilir. Bu yeməyin veqan və toyuq ətindən olan versiyasını hazırlamışıq. Piti qabında verilir və olduqca böyük maraqla qarşılanıb. Bu yemək üçün bizim restorana gələnlər belə var.
– Müştərilərin nə kimi istəkləri nəzərə alınır?
– Biz müştərilərə xidmət verdiyimiz üçün mümkün qədər onların istəklərini nəzərə almağa çalışırıq. Xüsusən yeməklərdə. Bu gün biz şəkərli diabet, təzyiq problemi olan və digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün yemək qrupları hazırlayırıq.
Hansı ki, orada qeyd olunacaq ki, sizə bu yeməkləri yemək narahatlıq verə bilər. Düşünürük, bunu məhz həmin yeməklərin tərkibinin yazıldığı hissədə aşağıda qeyd kimi qoyaq. Gerisinə artıq müştəri özü qərar verəcək.
– Restorana rəsmi şəxslər gəlirmi?
– Bəli. İcra nümayəndələri, bu şəhərdə yaşayan oliqarxlar Azərbaycan mətbəxindən ibarət süfrə istəyirlər. Almanlar olduqca planlı millət olduqları üçün hətta bir ay əvvəldən bizə hazır menyu verib rezervasiya edirlər. Həftə ərzində qırmızı ətdən çox istifadə etmirlər, amma həftəsonu kabab, saciçinə üstünlük verilir.
– Necə düşünürsünüz, bişirilmə zamanı istifadə edilən tavalar, qazanlar yeməyin dadına təsir göstərə bilir?
– Bəli. Əvvəllər mis qablardan istifadə edirdilər. Bu, yemək bişirmək üçün ən gözəl qablardır. Fransızlar hələ də bu üslubda davam edir. Amma təəssüf ki, bu gün hər kəs yapışmayan tavalara üstünlük verir. Bundan başqa, bişirmə texnikasına təsir dən əsas məqam ocaqdır. Yeməklər nə qədər köz üzərində bişirilsə, bir o qədər dadlı olacaq. Bu fərqi hiss etmək olar.
– Yeməkləri mikrodalğalı sobada qızdırıb servis edirsiniz?
– Xeyr. Almanlar özləri bu mətbəx robotundan istifadə edir. Amma restoranlarda bunun əleyhinədirlər. Yeməklər individual şəkildə hazırlanır və təzə servis edilir. Bizim restoranda yeməklərin isidilib servis edilməsi metodikası yoxdur.
– Almanların mətbəxindəki hansı nüansların bizim mətbəxlərdə tətbiq edilməsini istərdiniz?
– Almanların yalnız gözəl texnikası var (gülür). İnanın ki, o qədər əlverişli avadanlıqları, xüsusi sobaları var ki, eyni anda fərqli dərəcələrdə üç fərqli yeməyi bişirmək olar. Nə qoxusu qarışır, nə də dadı dəyişir. Almanlar səbirli millətdir. Bir yeməyi 20 dəqiqə gözləyə bilərlər. Biz isə masaya oturan kimi deyirik, “sifariş nə oldu?” (gülür).
Belə məqamlar var. Ona görə düşünürəm ki, Azərbaycanda da kulinariyanı, restoran şəbəkəsini inkişaf etdirmək olar. Bahalı avadanlıqdır, amma bunu almaqla bitmir. İstifadə etmək də önəmlidir.
Çəkilişə şərait yaratdığı üçün “Taksim” restoranlar şəbəkəsinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Könül Cəfərli
FOTO: Ramil Zeynalov