Dünya şöhrətli dizayner Rüfət İsmayıl AzTV-də yayımlanan “1-AzTV” şou proqramında qonaq olarkən verdiyi açıqlamalar ilə diqqətləri öz üzərinə cəmləyib.
ÇıxışYolu.Com xəbər verir ki, verilişin aparıcısı Hüsniyyə Məhərrəmovanın ünvanladığı “Dünyaca məşhur hansı ulduzlar üçün geyimlər tikməyi planlaşdırırsınız?” sualına Rüfətin cavabı qarşı tərəfi heyrətləndirib:
“Ariana Qrande və onun rəqqasları üçün geyimlər hazırlayıram. O yaxın ərəfələrdə dörd aylıq dünya turnesinə çıxacaq. Onun üçün geyimlər hazırlayan dizaynerlər arasında “Afffair” brendi, yəni mən də varam. Hansı konsertinə mənim hazırladığım libasları geyinəcəyi ilə bağlı məlumat yoxdur”.
Xatırladaq ki, Rüfət dünyaca məşhur müğənnilər Cennifer Lopez, Beyonce kimi ulduzlara libaslar tikib. O, hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.
Qeyd edək ki, Rüfət İsmayıl hazırda ilk və yeganə Azərbaycan və türk dizaynerdir ki, kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi mötəbər podiumlarında nümayiş etdirilib. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.
Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.
Rüfət İsmayıl 2019-cu ildə “Men’s Health” kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşüb.
Rəşad Əliyev