ÇıxışYolu.Com – Azərbaycanlı döyüşçü bu gün UFC-də debüt edəcək

Baxış sayı: 3. 574 dəfə baxılıb.

Azərbaycanlı döyüşçü Rafael Fiziyev bu gün dünyanın ən məşhur MMA turniri olan UFC-də debütünü rəsmiləşdirəcək.

ÇıxışYolu.Com xəbər verir ki, 26 yaşlı “Ataman” ləqəbli idmançı bu turnirdəki ilk görüşünü Dağıstan avarı Məhəmməd Mustafayevə qarşı edəcək.

“UFC Fight Night 149” adlı döyüş Rusiyanın Sankt-Peterburq şəhərinin “Yubileynı” idman kompleksində baş tutacaq. Həmin gecənin əsas görüşü isə rusiyalı Aleksandr Volkovla niderlandlı Alistar Overim arasında keçiriləcək.

Qeyd edək ki, atası milliyyətcə azərbaycanlı, anası rus olan Rafael Fiziyev Qazaxıstanda doğulub. Daha sonra onun ailəsi Qırğızıstana köçüb. O burda kikboksinqlə məşğul olmağa başlayıb. 2015-ci ildə polis leytenantı olan Fiziyev Qırğızıstanda orqan işçilərinə hörmət bəslənilmədiyini görüb, həyat yoldaşı ilə Tailanda köçüb. O burda muay-tay (Tailand boksu) yarışlarında çıxış edib.

2017-ci ilin fevralında tailandlı Sorqo Petindi ilə görüşdə “Matriks” filmində Kianu Rivzin rolunu oynadığı Neonun hərəkətini təkrarlayıb. Video bir neçə gün ərzində iki milyondan çox baxış toplayıb. Bu döyüşdən sonra onu Tailandda “Rinqin Kralı” adlandırmağa başlayıblar. Məhz bundan sonra onun məşhurluğu gedib UFC-yə də çıxıb.

Onu da bildirək ki, indiyədək Rafael Fiziyev MMA-da altı döyüş keçirib və hamısında qalib gəlib. Bu döyüş təxminən Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq. Görüş ufc.tv vasitəsilə göstəriləcək. Bu kanalda qeydiyyatdan keçməklə bu döyüşə baxmaq olar.

Səbuhi MUSAYEV