Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.
BŞTİ-dən ÇıxışYolu.Com-a bildirilib ki, yarışın final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.
Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 82 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Sənan İsgəndərzadə universal döyüşün layt növü, X sinif şagirdi Kənan İsgəndərzadə isə klassik növü üzrə Ukraynada keçirilən dünya çempionatında 81 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıblar.
Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.
Paytaxtdakı 311 nömrəli tam orta məktəbin I sinif şagirdi Gülnaz Şərifova Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda uğurlu çıxışına görə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.
164 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəna Fətəliyeva da Gürcüstanda gimnastika üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. R.Fətəliyeva qızıl medal və diplomla mükafatlandırılıb.
İlhamə Əbülfət