ÇıxışYolu.Com – Azərbaycanlı “Professor” “Yırtıcı”ya qarşı

Baxış sayı: 2. 769 dəfə baxılıb.

Azərbaycanlı peşəkar kikboksçu Alim Nəbiyev martın 9-da Fransanın Strasburq şəhərində “Glory 64” turnirində növbəti döyüşünə çıxacaq.

ÇıxışYolu.Com xəbər verir ki, yarımorta çəkidə onun rəqibi Surinam əsilli niderlandlı Murtel Qrunhart olacaq. “Professor” ləqəbli Nəbiyev bu kateqoriyada hazırda reytinqə görə birinci, “Yırtıcı” ləqəbi ilə döyüşən Qrunhart isə üçüncü yerdədir.

Bu Superfight seriyasından olan döyüş Alimin peşəkar kikboksinqdə keçirəcəyi 58-ci görüş olacaq. O, bunlardan əllisində qalib gəlib, yeddisində uduzub. 21 görüşdə həmyerlimiz vaxtından erkən görüşü qələbə ilə başa vurub.

2017-ci ildən peşəkar kikboksinqdə məşhur turnirlərdən sayılan “Glory”də çıxış edən idmançımız burda altıncı görüşünə çıxacaq. Bu turnirdə dörd dəfə qalib gələn Alim yeganə məğlubiyyətini ötən il iyunun 2-də İngiltərənin Birmingem şəhərində Belçika vətəndaşı olan erməni Harut Qriqoryandan alıb. Yeri gəlmişkən, bu kateqoriyada hazırkı çempion olan Qriqoryan həmin gün fransalı Sedrik Dumbe ilə görüşdə kəmərini qorumağa çalışacaq.

Qeyd edək ki, Alim Nəbiyev Gürcüstanın Telavi şəhərində doğulmuş azərbaycanlıdır. O, daha sonra Ukraynanın Poltava şəhərinə köçərək orada kikboksinq və Tailand boksu (muay tay) ilə məşğul olub. Ukrayna vətəndaşlığı olan idmançı hazırda Rusiyanın paytaxtı Moskvada yaşayır. 

Azərbaycan bayrağı ilə rinqə çıxan idmançı 2012-ci ildə həvəskar muay tayda yeniyetmələr üzrə Dünya Kubokunu qazanıb, bir il sonra böyüklər üzrə Avropa çempionu olub. Bundan başqa, 24 yaşlı idmançının peşəkar muay tay və peşəkar kikboksinqdə kəmərləri var.