Ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. “BMW X6” səkiyə çıxaraq piyadaları vurub. Nəticədə iki nəfər ölüb və dörd nəfər yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin səbəbkarı Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Muraddır.
Mənbə bildirir ki, Murad adlı azərbaycanlı dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Özü isə daha çox “Mercedes” və BMW maşınlarını xoşlayır. Bu barədə onun sosial şəbəkədəki səhifəsində ətraflı məlumat var.
Qəza ötən gecə yerli vaxtla təxminən saat 02.00-da baş verib. Muradın 2010-cu ildən Peterburqda yaşadığı deyilir. Azərbaycanda anadan olsa da, hazırda o, Rusiya vətəndaşıdır.
Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.