ÇıxışYolu.Com – Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi

Baxış sayı: 2. 808 dəfə baxılıb.

Azərbaycanda çox istedadlı futbolçular olub. Yerli futbol deyəndə Anatoli Banişevski, İsgəndər Cavadov, Anatoli Ponomaryov, Maşallah Əhmədov, Zaur Tağızadə, Rəşad Sadıqov, Mahir Şükürov kimi istedadlar yada düşür, onlar haqqında hər zaman xoş ifadələr səsləndirilir.

İndiki nəsil futbolçular arasında da istedadlıları az deyil.

Bunların başında Rusiya futbol məktəbi keçsə də, milliyyətcə azərbaycanlı olan Ramil Şeydayevin dayandığını desək, yanılmarıq.

ÇıxışYolu.Com-ın əməkdaşı Azərbaycan millisinin futbolçusu Şeydayevin uğur tarixçəsinə nəzər yetirib:

ÇıxışYolu.Com - Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi

O, 1996-cı ilin martın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya gəlib.

Atası milliyyətcə azərbaycanlı, anası rus olan Ramil karyerasına da doğulduğu Sankt-Peterburqun “Zenit” klubunda başlayır. O, Rusiyanın ən tanınmış klublarının başında gələn “Zenit”də futbolun sirlərinə yiyələnir.

Akademiyada hücumçu kimi özünü göstərməyi bacaran Şeydayev 2013-cü ilin may ayında peşəkar karyerasına start verir. Belə ki, həmin ay o, bu klubla üç illik peşəkar müqavilə imzalayır. 26 oktyabr 2014-cü ildə o, komandasının “Mordoviya” ilə keçirdiyi görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas komandanın heyətində debüt edir.

ÇıxışYolu.Com - Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi

Lakin həmin vaxt “Zenit”in hücum xəttini legionerlər təşkil etdiyindən futbolçumuzun orada əsas heyətdə möhkəmlənməsi mümkün olmur. Şeydayev əsas komanda ilə Rusiya Premyer Liqasında cəmi beş oyun keçirmək imkanı əldə edir.

Daha çox “Zenit”in ikinci komandası ilə Rusiya I divizionunda çıxış edən Ramil 2014/2015 mövsümündə 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu adına yiyələnir.

2016-cı ildə “Zenit”lə müqaviləsinin müddəti başa çatır və azad agent statusunda olan futbolçu həmin yay Türkiyənin “Trabzonspor” klubuna transfer olunur. Onunla dörd illik müqavilə imzalansa da, burada möhkəmlənə bilməyən hücumçu sıra ilə Slovakiyanın “Jilina” və Ağdamın “Qarabağ” klublarına icarəyə verilir. Ramil bu klublarda qol vursa da, əsas heyət üzvünə çevrilə bilmir.

ÇıxışYolu.Com - Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi

O, yenidən özünü Rusiyada kəşf edir. Yay transfer pəncərəsində Rusiyanın “Krılya Sovetov” klubuna keçən futbolçu qış fasiləsindən sonra komandasında özünü göstərməyi bacarır. Ramil burada dörd qol vurmaqla özünü həm hücumçu, həm də ştatlı penalti vuran kimi təqdim edir.

Onun 2013-cü ildə Rusiyanın 17 yaşadək millisi (U-17) ilə Slovakiyada qazandığı Avropa çempionluğu karyerasında önəmli anlardandır. Həmçinin Rusiya U-19-u ilə Avropa ikincisi ola bilib.

Lakin 2016-cı ildən Şeydayevin atası Teymurla məsləhətləşdikdən sonra tarixi vətəni olan Azərbaycanın əsas millisində çıxış etməyə qərar verməsi bizim üçün daha çox önəm kəsb edir. Onun bu barədə fikirlərinə diqqət yetirək:

“Bu, düşünülmüş və çətin bir qərar idi. Bəli, bütün ömrümü Rusiyada keçirmişəm. Nüfuzlu turnirlərdə oynamaq istərdim. Amma Rusiyada davamlı beynəlxalq təcrübəmin olacağına zəmanət yox idi. Azərbaycanda isə mənə dərhal hiss etdirdilər ki, baş məşqçiyə lazımam. Azarkeşlər məni isti qarşıladılar. Ona görə də müsbət və mənfiləri müqayisə etdikdən sonra razılaşdım. İndi buna görə peşman deyiləm”

ÇıxışYolu.Com - Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi

Düzdür, ona millimizdə o qədər də çox qol vurmaq qismət olmayıb. Lakin Ramilin vurduğu iki qoldan sonuncusu – dünya ikincisi Xorvatiyanın qapısına fərqlənməsi onun vurduğu qolların arasında, bəlkə də, birinci yerdə gedir.

Bu qol və klubunda qolları sıralaması Ramil Şeydayevin artıq formaya düşdüyünü göstərir. Onun AVRO-2020-nin seçmə mərhələsində bu gedişlə yığmamızı hələ belə çox sevindirəcəyinə çox böyük ümid var.

Bəlkə də, o, Andrey Arşavin kimi “Arsenal”a, Andrey Şevçenko kimi “Milan”a gedib çıxa bilmədi, amma onu tezliklə Avropanın ortabab klublarında görsək, təəccüblənməməliyik.

ÇıxışYolu.Com - Azarkeşlərin sevimlisi, Azərbaycan futbolunun ümidi

Sonda onun “Sovetski Sport”a verdiyi son müsahibələrindən birinə yenidən nəzər salaq. Ona əvvəl Rusiya, indi isə Azərbaycan himni oxuması ilə bağlı sual verilib. Futbolçu həmin hissləri belə izah edib:

“Həmin vaxt özümü rusiyalı kimi hiss edirdim, ölkənin əsas yığmasında oynamağa ümid bəsləyirdim. Ancaq indi milli komanda səviyyəsində Azərbaycanla assosiasiya olunuram. Axı bu, mənim tarixi vətənimdir, atamın, əcdadlarımın torpağıdır”

Səbuhi MUSAYEV