Qubalı bağban bu il bağında 25 ton yapon alması yetişdirib.
ÇıxışYolu.Com xəbər verir ki, rayonun Nügədi kəndində yaşayan Ramiz Kərimov bir hektar alma bağında minə yaxın alma ağacı əkib.
Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray” və “Ramzes” sortlarıdır.
Ömrünün 50 ilini bağçılığa həsr edən bağban deyir ki, 2006-cı ildə yaponiyalı mütəxəssislərdən bu ölkədə yetişən alma tinglərini əldə edib. Həmin tingləri bir neçə ağaca calaq edən təsərrüfatçı çox qısa bir müddətdə fərqli alma sortları yetişdirib.
Yeni meyvə sortlarının məsuldar və keyfiyyəti olduğunu görən R.Kərimov daha sonra bağındakı bütün yerli alma ağaclarını kəsərək yapon sortları ilə calaq edib. Qubanın iqlim şəraitinə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir.
Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı da dözümlüyü ilə seçilir. Yeni sort almaların müştərisi də boldur. Ləziz dadı ilə seçilən və təbii tərkibli alma alıcılara yerli meyvə sortundan fərqli olaraq beş dəfə baha qiymətə satılır.
Bir çox üstünlükləri ilə seçilən bu meyvəyə kənddə hər kəs tərəfindən maraq göstərilir. Sakinlər qocaman bağbana müraciət edərək, bağlarında bu meyvə sortlarından becərməyə üstünlük verirlər.
Kənd sakini Azif Nurəddinov deyir ki, bu almaları digərlərinə nisbətən daha çox şirəlidir. Yerli alma sortlarının bir kiloqramından bir stəkan şirə alınırsa, bu almalardan dörd və beş stəkana yaxın meyvə şirəsi əldə etmək olur.
Yaponiyalı mütəxəssislər tez-tez R.Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar. Bağa qulluğun vacib olduğunu bildirən təsərrüfatçı ağaclara daha çox üzvi gübrələr verir. Hazırda yapon alması ilə yanaşı, bu ölkədən gətirilən digər meyvə və tərəvəz sortlarının da becərilməsi ilə məşğul olan bağban gələcəkdə təsərrüfat sahəsini genişləndirmək istəyir.