Dünən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Eldar Əzizovun başçılığı ilə keçirilən iclasda payız-qış mövsümündə xüsusi halların baş verməsi zamanı hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.
Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsi nəzərə alınaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.
Bəs Bakı leysan yağışlarına nə dərəcədə hazırdır? Güclü yağışlar zamanı ənənəvi mənzərənin şahidi olacağıq, yoxsa?..
Məsələ ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, hazırda payız-qış mövsümünə hazırlıqlarla bağlı işlər gedir:
“Kanalizasiya kollektoru, xətlər yoxlanılır, yuyulur, palçıqdan, qumdan, gildən, daşdan təmizlənir. Eyni zamanda, kanalizasiya baxış quyuları, yağış barmaqlıqları yoxlanılır ki, yağıntılı aylarda xətlər normal işləsin. Dünən intensiv yağıntılar olmasına baxmayaraq, sistemlər tam şəkildə işlədi”.
A.Cəbrayıllı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natəvan küçəsində yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda dünən baş verən qəza ilə bağlı da açıqlama verib.
O qeyd edib ki, Biləcəri qəsəbəsində çökmüş hissədə sovet dövründə tikilmiş diametri 500 millimetr olan kanalizasiya kollektorunun 50 metrlik hissəsinin dəyişdirilməsinə qərar verilib.
Samir İsayev