Gədəbəy rayon Polis Şöbəsinə rayonun ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 Yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qısa müddətdə cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.
Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Nazir QULİYEV