Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T. Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.
İki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib:
“Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım”.
T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir qolu sınıb və gipsdə imiş. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.