Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları mayın 23-dən 24-nə keçən gecə törədilmiş qətlin üstünü açıb.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mayın 24-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bəşir Səfəroğlu küçəsində yerləşən 219 saylı evin zirzəmisində gənc kişi meyiti aşkarlayıb. Meyitin müayinəsi zamanı onun döyülərək öldürüldüyü müəyyən edilib. Qurban mayın 24-nə keçən gecə keçinib.
Öldürülmüş şəxsin kimliyi artıq müəyyən edilib. Onun 30 yaşlı paytaxt sakini Əliyev Orxan Mahir oğlu olduğu bildirilir. Qətli törətmiş 42 yaşlı Bərdə rayon sakini Qəhrəmanov Mehrac Zamanxan oğlu 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun əvvəllər oğurluq, xuliqanlıq və narkotik vasitələrlə bağlı məhkumluğu olub.
Hər ikisinin tufeyli həyat sürdüyü müəyyənləşdirilib. Onların insidentdən əvvəl birlikdə spirtli içki qəbul etdiyi ehtimal edilir. Tərəflər arasında düşən mübahisə isə sonradan onlardan birinin ölümü ilə nəticələnib.
Ramella İbrahimxəlilova