Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.
Bu barədə ÇıxışYolu.Com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib.
Belə ki, 1980-cı il təvəllüdlü Məmmədova Günay Azad qızına qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.
O, əvvəllər Rusiya Federasiyası ərazisində məhkum olunub.
Hazırda cinayətin motivləri araşdırılır. Sağlamlığa ağır xəsarət yetirilməsi faktı üzrə AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə müvafiq olaraq cinayət işi açılıb.
Ramella İbrahimxəlilova