Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb.
2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar.
Mağaza sahibinin sözlərinə görə, oğrular mağazadakı ərzaq mallarına toxunmayıblar. Onlar sadəcə kassada olan 850 manat pulu götürərək qaçıblar.
Marketin çöl və içəri hissəsində olan təhlükəsizlik kameraları baş verən oğurluğu anbaan lentə alıb. Cavid İmanovun Baku TV-yə təqdim etdiyi görüntülərdə hadisənin gedişatı əks olunub.
Mağaza sahibi məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək lazımi istintaq tədbirləri görüblər. Hazırda Nəsimi Polisi oğurluğu törədən şəxsləri axtarır.
Kamil Əmirli, Elşad Mətləboğlu