Xəyanət şübhəsi Bakının Xəzər rayonu, Binə kəndində gənc qadının qətlinin ilkin səbəbi olub.
Bu barədə ÇıxışYolu.Com-a Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, sentyabrın 23-də axşam saat 19:00-da Südçülük sovxozu ərazisində, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov 1989-cu il təvəllüdlü gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib. Kişi onun başına bir neçə dəfə balta ilə vurub.
F.Məhərrəmov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Evdə qətl zamanı cinayət iştirakçılarından başqa heç kimin olmadığı bildirilir. İlkin dindirmə zamanı saxlanılan şəxs ailənin şərəf və ləyaqət məsələləri ilə əlaqədar yaranan münaqişə zamanı gəlini qeyrət zəminində öldürdüyünü bildirib. Qayınata qadını ərinə xəyanət etməkdə şübhəli bilsə də, buna dair dəlil yoxdur.
Ramella İbrahimxəlilova