Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib.
Bu barədə ÇıxışYolu.Com-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilir ki, qərar Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirədə açıqlanıb.
BŞİH tərəfindən yaradılan xüsusi komissiyanın keçirdiyi reydlər nəticəsində bəzi ərazilərdə, xüsusilə bir sıra qəsəbələrdə narahatlıq doğuran problemlərin, o cümlədən, kortəbii zibilliklərin mövcudluğu aşkarlanıb.
Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyə olunub.
Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün bir ay vaxt verilib.