ÇıxışYolu.Com – Bakıda Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş güləş yarışı keçirilib

Baxış sayı: 2. 356 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakıda Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş güləş yarışı keçirilib

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Açıq Kubok yarışına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da çıxış edən yeniyetmə sərbəst güləşçilər mübarizə aparır.

Ölkənin 30-dan artıq klub və cəmiyyətlərindən 200-dən artıq idmançı yarışda qüvvəsini sınayır.

Açılış mərasimində dövlət himni səsləndirildikdən sonra “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi, polkovnik Elşən Mirzəyev sərhəd mühafizəsinin təşkilinin 100 il boyunca keçdiyi yol və görülən işlərlə bağlı geniş məlumat verib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini və həmin mərkəzin idman bölməsinin rəisi, polkovnik-leytenant Firdovsi Umudov idmanın inkişafından və idmana olan dövlət qayğısından danışıb:

“Əziz dostlar, hörmətli idmançılar və məşqçilər! Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş yarışda hər birinizi salamlayır, idmançılara və onların məşqçilərinə uğurlar arzulayıram! Fürsətdən istifadə edərək bu yarışın təşkilində və keçirilməsində yaxından köməklik göstərən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general-polkovnik Elçin Quliyev başda olmaqla bütün şəxsi heyəti Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Vətən sərhədlərinin qorunması istiqamətindəki şərəfli peşələrində uğurlar arzulayıram!

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan idmançılarının böyük yarışlarda qazandığı parlaq nəticələr sayəsində Vətənimiz dünya ölkələri içərisində ən güclülər sırasında yer alır. Əminliklə deyə bilərəm ki, məhz bu cür yarışlar gələcəyin Olimpiya, dünya və Avropa çempionları üçün uğurlu karyeranın başlanğıcı, uğura aparan yoldur. Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinin sədri olduğu ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları şanlı idman tariximizdə ən önəmli yerləri tutur. Həmin yarışların iştirakçısı olmuş idmançı və nümayəndə heyətinin üzvləri ilə digər ölkələrdə görüşdüyümüz zaman dəfələrlə onların ağızdolusu Azərbaycanın təşkilatçılıq bacarığından danışdığının şahidi olmuşuq və təbii ki, bir azərbaycanlı olaraq bu bizdə fəxr hissi yadır. Bir neçə gün əvvəl başa çatan gənclərin Avropa Yay Olimpiya Festivalı bir daha Vətənimizin idman potensialının yüksək olduğunu sübuta yetirdi. Bu həm də o deməkdir ki, sabahımız etibarlı əllərdədir. Ürəyi Vətən eşqi ilə döyünən, hər zaman Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə müntəzir idmançılarımız, əsgərlərimiz və zabitlərimiz adından hamını əmin etmək istərdim ki, doğma Azərbaycanımızın təhlükəsizliyi, inkişafı və çiçəklənməsi üçün əlimizdən nə gəlirsə etməyə və bu yolda qanımızdan və canımızdan keçməyə hazırıq. Əminəm ki, bu yarışda iştirak edənlər arasında gələcəyin Hacı Əliyevi, Toğrul Əsgərovu, Cəbrayıl Həsənovu yetişir. Bütün güləşçilərə uğurlar arzulayıram. Fürsətdən istifadə edib qarşıdan gələn müqəddəs Qurban Bayramı münasibətilə xalqımızı təbrik edir, hamıya əmin-amanlıq, xoşbəxt həyat və firəvanlıq arzu edirəm”.

Bundan sonra tədbirin bədii hissəsinə keçilib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində fəaliyyət göstərən idman növləri üzrə nümunəvi çıxışlar tamaşaçıların böyük marağına səbəb olub. Daha sonra yarış qaldığı yerdən davam edib.

Qeyd edək ki, turnirin medal qarşılaşmaları bu gün keçirilib. Komanda hesabında “Sərhədçi” I, Gəncə II, Şamaxı isə III yeri tutub.