Bakının Binəqədi rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, “Üzeyir” şadlıq sarayında keçirilən toy mərasimində yaranan mübahisə zamanı 4 nəfər bıçaqlanıb. 1992-ci il təvəllüdlü Ağababalı Elton Mahir oğlu, 1957-ci il təvəllüdlü İbrahimov Mahir Ağababa oğlu, Hüseynov Telman Allahverdi oğlu, 28 yaşlı Hüseynov Seymur Hidayət müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər.
İlkin məlumata görə, hadisə qız evi ilə oğlan evi arasında yaranan anlaşılmazlıq səbəbindən baş verib. Belə ki, tərəflərdən birinin verdiyi musiqi sifarişi digər tərəfdə narazılıq yaratdığından kütləvi dava baş verib. Nəticədə 4 nəfər bıçaqlanaraq ağır xəsarət alıb.
Hazırda Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisənin təfərrüatını və hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması istiqamətində istintaq əməliyyatı aparır.
Kamil Əmirli
Elşad Mətləboğlu