Bakıda qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat əsasında Nəsimi rayon sakini Samir Məmmədov Ziya Bünyadov prospektində tutulub.
Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı bir ədəd “Makarov” markalı tapança və silahın sandıqçasından səkkiz ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Qeyd edilən faktla S.Məmmədov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib.