Şamil Əzizbəyov 179 ünvanında qəzalı vəziyyətdə olan ikimərtəbəli bina uçub.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə dünən axşam saat 6 radələrində baş verib.
Qəzalı mənzillərdən birinin sahibi – Süleymanova Giləxanım deyir ki, evi illərdir qəzalı vəziyyətdə idi, indi isə heç yaşamalı vəziyyətdə deyil:
“20 ildən çoxdur burada yaşayırıq. Özümüz Kəlbəcər qaçqınıyıq. O vaxt gələndən bu evi aldıq. Getməyə yerimiz-yurdumuz yoxdur. İcra Hakimiyyətinə, “Qaçqınkom”a müraciət eləmişik. Gəlib baxıblar, qəzalı olduğunu təsdiqləyiblər, gediblər. Bizə deyirlər, evdən çıxın. Çıxıb hara gedək, bilmirik. Xahiş edirik bizə kömək edin”.
G.Süleymanova deyir ki, bina uçandan sonra hadisə yerinə icra hakimiyyətindən, Fövqəladə Halar Nazirliyindən, “Qaçqınkom”dan nümayəndələr gəlib, baxış keçirib. Binada ümumilikdə 10-a yaxın ev var. İkinci mərtəbədə yerləşən beş mənzildə yaşayış var. Aşağı mərtəbə isə obyektlərdir. Digər mənzillərdə yaşayan ailələr iddia edir ki, ərazi “Gülüstan” MMC tərəfindən alınıb.
Qəzalı binada yaşayan sakinlərdən biri – Useyinova Firəngiz deyir ki, binanın 159 yaşı var:
“İmkan vermirlər nə sataq, nə də özləri alır. 25 ildir binanı alıb. Zəbt edib. Həyətləri alıblar, ard-arda bu üç həyət qalıb. O biri həyətə deyib, fevralda alacam, o birinə deyib, dekabrdıa, bizə də deyir ki, pulum yoxdur, olanda alacam. Bizi də qəbul eləmir, danışa bilmirik, dərdimizi deyə bilmirik.
Gözləyirlər ki, qəzalı vəziyyət daha da ciddiləşsin, evlər uçsun, qiyməti düşürsünlər. Biz şəhərdən kənarda, uzaq yerdə ev istəmirik. Normal pulumuzu hesablasınlar, elə məbləğ versinlər ki,hamı özünə normal ev ala bilsin”.
Nəsimi rayon 15 saylı Mənzil İstismar İdarəsinin rəisi Mirkazım Əliyev isə deyib ki, əhalinin şikayətlərini dinləyir, onları başa düşməyə çalışırlar:
“2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilib ki, həmin binalar “RTC” firmasının balansına verilsin, sökülərək yerində hündürmərtəbəli binalar tikilsin. Hazırda bu ərazi onların balansındadır. Özləri iddia edir ki, bu ərazidə park olacaq. Amma sərəncamda qeyd olunub ki, qəzalı binaların yerində hündürmərtəbəli binalar tikiləcək”.
Könül Cəfərli