Nərimanov rayonunda yeddi avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.
Əvvəlcə taksi fəaliyyəti göstərən Elçin İsmiyev idarə etdiyi “Nissan” markalı avtomobillə metronun “20 Yanvar” stansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək eyni istiqamətdə gedən “Hyundai” markalı avtomobilə çırpılıb.
Nəticədə “Nissan”da olan iki nəfərin xəsarət aldığı bildirilir.
Havanın yağışlı olması və ərazidə işıqlandırma sisteminin işləməməsi səbəbindən arxadan gələn digər beş avtomobil də qəza törədib.
Belə ki, “Mercedes Viano” markalı nəqliyyat vasitəsi xanım sürücünün idarə etdiyi “Nissan Sunny”ə, “Mercedes” markalı digər nəqliyyat vasitəsi ilk qəza iştirakçısı olan “Nissan”a çırpılıb.
Daha sonra “Daewoo” markalı avtomobil isə “Nissan”a çırpılıb. Bu zaman “Daewoo”dakı sərnişin xəsarət alıb.
Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.
DYP əməkdaşları başqa hadisənin baş verməməsi üçün yol tənzimləməsi işləri aparıb.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu