Bu gün Osmanlı ordusunun komandanı Nuru Paşanın (Nuri Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 101-ci ildönümüdür.
1918-ci il mayın 28-də elan edilən və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir.
Hər il sentyabrın 15-i Bakı daxil olmaqla, indiki Azərbaycan ərazilərini işğaldan azad edən, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının qarşısını alan, xalqın yaddaşında xilaskar kimi yaşatdığı Nuru Paşanın və Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsi anılır.
2018-ci il avqust ayının əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə isə 1918-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun dörd mindən çox əsgər və zabiti şəhid olub.
Azərbaycanda müstəqil dövlətin qurulmasında müstəsna xidmətləri olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı hər zaman Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə yanaşı çəkilir. Nuru paşa Cümhuriyyətin qurulmasında iştirak etməsə də, Bakının xilas edilməsində onun qədər qiymətli iz qoymağı bacardı. Azərbaycan xalqı onu hər zaman böyük xilaskar əsgər kimi xatırlayır.
1918-ci ilin avqust ayında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Abşeron rayonunun Qobu kəndində qərargah qurub. Bakının xilas edilməsi üçün Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa özünə qərargah kimi kənd sakini Kərbəlayi Qasımın evini seçib.
ÇıxışYolu.Com-ın əməkdaşları paşanın qərargah olaraq seçdiyi evdən reportaj hazırlayıb.
Kərbəlayi Qasımın nəvəsi Akif Qasımov baba evinin paşanın özü tərəfindən şəxsən seçildiyini bildirib:
“Qobu kəndi dəniz səviyyəsindən yüksəkdə yerləşir. Həmin ev strateji cəhətdən çox əlverişli idi. Çünki kəndin ən hündür və iki mərtəbəli evi olub. Demək olar ki, Bakını idarə etmək üçün bütün şərait var idi. Buradan Bakının hər yeri görünürdü.
Bakı sanki əsgərlərin ovuclarının içərisində idi. Babamgilin yaşadığı ev isə Nuru Paşaya lazım olan yerləri görmək üçün ən əlverişli yer idi. Paşa evin ikinci mərtəbəsindəki eyvanından ingilislərə nəzarət edirdi.
Onlara dəniz yolu ilə qaçmağa icazə verirdi. Şəxsən özü ingilislərin paroxodlarının bir-bir dəniz yolu ilə getməsinə, Bakının təmizlənməsinə şahidlik edirdi.
Ümumi olaraq əsas qüvvələr kənddəki dağın üstündə qurulmuşdu. Piyadalar isə Qasımçapandan (indiki Qurd qapısı) Bakıya girirdi. Paşa tam təmizlənmə bitdikdən sonra Bakıya və digər rayonlara daxil olub”.
Paşanın Qobuda ermənilər olmadığı üçün bu kəndi seçib:
“Cümhuriyyət əsgərləri, Bakı qoçuları Nuru Paşaya bütün işlərdə kömək ediblər”.
Müsahibimiz bildirir ki, Nuru Paşa və ordunun digər məmurları evin ikinci mərtəbəsində, babasıgil isə birinci mərtəbədə məskunlaşıb:
“Ordunun buraya yerləşməsi ən azı 20 gün çəkib. Onlar bu evdə olanda işıq əvəzinə çıraq yandırıblar. Amma paşa ingilislərdən yayınmaq üçün çox vaxt çıraq belə yandırmağa icazə vermirdi. Həmin vaxt əmimin həyat yoldaşı hamilə olub. Nuru Paşaya xanımlardan birinin hamilə olduğunu və uşağın dünyaya gələcəyini deyirlər. Paşa yandırmadığı çıraqlarından birini aşağı göndərir. Deyir ki, qoy, uşaq işığa gəlsin.
Paşanın bu hərəkəti babamı çox təəccübləndirir. Paşanın göndərdiyi çıraq sayəsində əmimqızı qaranlıq deyil, işıqlı dünyaya gəlir. Qeyd edim ki, həmişə əmimqızı Qızqayıta Nuri Paşanın çırağa gətirdiyi uşaq deyirdilər”.
Onun sözlərinə görə, hazırda həmin evdə qardaşı və əmisi yaşayır:
“Bir müddət öncə qardaşım evi təmir etmək istədi. Amma hər kəs evin söküldüyünü yazdı. Əslində, elə bir şey yox idi. Sadəcə, qardaşım baxımsız qalan evi təmir etmək istəyirdi. Demək, hər kəs bu evin nə qədər əhəmiyyətli olduğunu bilir”.
Evin arxasındakı tut ağacından Nuru Paşa və əsgərləri tut yeyib:
“Çünki onların kəndə gələndə tutun yetişən vaxtı olub”.
Nuru Paşa kənddə yerləşən hamamdan da istifadə edib:
“Kəndimizdəki hamam məşhur “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın getdiyi hamama bənzəyir. Hər iki hamam eyni layihə əsasında hazırlanıb.
Nuru Paşa və əsgərləri kənddə olduqları müddətdə həmin hamamdan istifadə edib. Hamam 1995-ci ilə kimi fəaliyyətini davam etdirib. Amma indi baxımsız vəziyyətdədir”.
Akif Qasımov qeyd edib ki, babasından paşa və digər yüksək rütbəli məmurların istifadə etdiyi məişət əşyaları qalıb:
“Heç kəsin əlinə düşməsin deyə oğluma vermişəm. Çünki nəvələrim çoxdur. Qorxuram ki, əllərinə düşən kimi itsin”.
Qeyd edək ki, Nuru Paşa və Qafqaz İslam Ordusunun əsgər və zabitləri Azərbaycanda təkcə ölkəmizi və onun paytaxtını işğaldan azad edən qəhrəmanlar kimi deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının örnəyidirlər.
Sevinc Yasinqızı
FOTO: Ramil Zeynalov