ÇıxışYolu.Com - Balaca Mehribanın böyük dərsi…

ÇıxışYolu.Com – Balaca Mehribanın böyük dərsi…

Baxış sayı: 3. 996 dəfə baxılıb.

ÇıxışYolu.Com - Balaca Mehribanın böyük dərsi…

Günay Malikqızı yazır…

10 milyon olduq. Sevinirik.

Başa düşüləndir. Niyə də sevinməyək, sayımız artır. Amma, məncə balaca Mehribanın (10 milyonuncu azərbaycanlının adı) dünyaya gəlməsi, onun doğulmasının bayram olması bizə həm də mesajdır.

Fərqinə vardız ya yox, dünən hamı QIZ uşağının doğulmasına sevinirdi.

Axı biz, -“Qızım olub.” deyənlərə mütləq “Eybi yox, gələn dəfə oğlan olar” cavabı verənlərdənik.

“Kişinin oğlu olar” təbrikini eşitmək üçün neçə ailələr dağılıb, neçə tale qırılıb.

Amma, aprelin 6-da dünyaya gələn Mehriban balamız qıza ağız büzənlərə yaxşı bir dərs verdi.

Atəşfaşanlıq, konsertlər, paylaşımlar, soydaşlarmızın bir-birnə təbriki dünyaya bir qızın gəlməsi ilə əlaqədar idi.

Mehriban ondan əvvəl məhz qız olduğuna görə, ana bətnində tələf olunan qızların hamısı üçün dünyaya gəldi.

O qız övladı dünyaya gətirdiyi üçün sevilməyən gəlinlərə, xoş rəftar görməyən həyat yoldaşlarına ümid oldu…

Qız övladını bağrına basıb, gizli ağlayan anaların göz yaşını sildi…

O dünyaya gəldi ki, qzı övladı olanlara təsəlli verənlər anlasın…

Uşaqlarınızı oğlan olduğu üçün yox, övladınız olduğu üçün sevin. Axı, övladınızın cinsiyyəti deyil, insanlığıdır onu ŞƏXSİYYƏT edən.

Qıza və ya oğlana verdiyimiz əmək, sevgi, anlayışdır onu Bizə və dolayısı ilə Vətənə qazandıran.

Körpə Mehriban on milyonuncu azərbaycanlıdır. Qız övladdır.

Dünən “7 oğul 1 qız “istəyən bu millətin onun doğulmasına qurduğu bayram abu-havasını görəndən sonra, Mehribanın Azərbaycan üçün daha fərqli hisslər yaşadacağını düşündüm.

Axı, körpə Mehribanın balaca qəlbində valideynlərinin Ağdam sevgisi də var indi.

O sevgi səninlə bir yerdə böyüsün.

Gözəl Vətənin gözəl qızı, ayağın bu millətə düşərli olsun.

Saçlarını Ağdamda əsən sərin küləklər dolaşdırsın.

Gülüşün Şahbulaq dağı, Ergi düzü, İmarət təpəsinə yayılsın.

10 milyonuncu azərbaycanlının ayağı o torpaqlara dəyəcək, dəyməlidir.