Ötən həftə Azərbaycanda basketbol üzrə XXVII çempionata start verildi. Çempionat yeni adla və yeni komandalarla start götürdü. Bu münasibətlə Azərbaycan Basketbol Federasiyasının Prezidenti Nadir Nəsibovdan müsahibə götürdük.
Onun mətbuata müsahibə vermədiyini nəzərə alsaq, bir çox məsələlərə aydınlıq gətirməyə çalışdıq. İstəyimizi yerə salmayan Nəsibov cari mövsümlə yanaşı, ötən mövsüm yaşananlarla bağlı fikirlərini bildirdi.
– Basketbol üzrə Superliqa start götürdü. Yeni mövsümdə hədəf nədir?
– Bir neçə il bundan qabaq uşaq basketbolunu daha çevik irəli aparmağa başladıq. Çünki onlar gələcəyin kişilərdən ibarət basketbol millimizin üzvləridir. Amma eyni zamanda, onlara örnək olsun deyə, hazırda mövcud olan böyük basketbolçularımızı qoruyub saxlamalıyıq.
Hazırda çempionatın təşkil olunması, yeni klubların yaranması və legionerlərin gətirilməsində sponsorların rolu çox olub. Ümid edirəm ki, bu çempionat son illərin ən maraqlılarından biri olacaq. Çünki 20 legioner müxtəlif klublara cəlb edilib. Bu legionerlər elə-belə gəlməyib.
Onlar burada basketbolun inkişafına inanıblar ki, bura gəliblər. Mən onları bura cəlb edən sponsorlara öz təşəkkürümü bildirirəm. Həmin legionerlər sonra burdan gedəcəklər, amma onlardan bizim uşaqlar örnək götürəcək. Oyunlar maraqlı keçəcəyi halda, uşaq və gənclər bu görüşlərə istər-istəməz baxacaq. Ona görə də bu çempionatın maraqlı keçməsi üçün çalışırıq.
– Əvvəlki çempionatlarda idmançılarımızın statistikası aparılmırdı. Bu baxımdan, nə yenilik var?
– Doğru qeyd edirsiniz ki, indiyədək biz statistikaya fikir verməmişdik. Basketbolçularımızın statistikası indiyədək Avropa və dünya səviyyəsində aparılmayıb. Biz artıq basketbolçuların statistikasını aparan “Genius Sports”la müqavilə bağlamışıq.
“Genius Sports” FIBA-nın (Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası) rəsmi tərəfdaşıdır. Onların bir nümayəndəsi bu yaxınlarda bizimlə görüşmək üçün Azərbaycana gələcək.
Həmin statistikada bizim çempionatda çıxış edən idmançıya aid bütün göstəricilər əks olunacaq. İki ay içində görəcəksiniz: 14 yaşlı basketbolçular üçün dünya səviyyəsində sürpriz hazırlayırıq. İnşallah, bu, reallaşanda özüm söz verirəm ki, sizi şəxsən bura dəvət edəcəyəm.
Basketbol həvəskarlarının və basketbolçuların sayının artması bizim üçün prioritet məsələlərdəndir. Ən böyük hədəfimiz isə universitet və institutlar arasında Tələbələr Liqasını keçirməkdir.
Baketbolun 3×3 növü artıq Olimpiadaya salınıb. Ona görə də bu məsələyə də diqqət ayırırıq. Bu çempionat da yaxınlarda başlanacaq. Təhsil Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə məktəblilər arasında yarışlar keçirəcəyik.
– Belə bir xəbər vardı ki, “Zirvə-Astara” istisna olmaqla, digərlərinə legionerləri federasiya cəlb edib…
– Yox. Sadəcə, federasiyaya zəng edib bu legionerləri gətirəcəklərini bildirirlər. Biz də müsbət rəy verdiyimiz halda, onlar klublara cəlb olunur. Klublar müstəqildir. Amma onlara bu işdə maliyyə baxımından dəstək lazım olduğu halda, federasiya olaraq həmin legionerlərin cəlb olunmasında köməyimiz dəyib.
Məsələn, bəzi legionerlərin maaşını klub veribsə, onların mənzillə təmin olunmasını federasiya təşkil edib. Belə deyək ki, müştərək şəkildə legionerlər çempionatımıza cəlb olunub. Amma “Atom” klubu tam öz hesabına bizdən kömək istəmədən 2-3 legioner gətirib.
Federasiya bütün dünyada olduğu kimi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birgə klublar üçün şərait yaratmalıdır. Əsas məqsəd də odur ki, U-16, U-18 və ya U-20 millilərimizi Avropa çempionatının seçmə mərhələsinə göndərməyə hazırlayaq.
– Klublara sponsor tapılması baxımından federasiyanın rolu olub?
– Təbii ki. Sponsorlar özləri federasiyaya zəng edərək, istəklərini bildirib. Bu, federasiyasız olmur.
– Futboldakı kimi basketbola maliyyə tələb olunmasa da, sponsorların yarıyolda komandaları tərk etməsi də mümkündür. Belə olan halda nə etmək fikrindəsiniz?
– Bizim sponsorlar ciddi adamlardır. Bu məsuliyyətin altına giriblərsə, ciddi fikirləşərək addımlarını atıblar. Hətta legionerlər bura gələndə federasiya ilə əlaqə saxlayıb bizdən zəmanət istəyirlər. Onlar yarıyolda klubsuz qalıb-qalmayacaqları ilə maraqlanırlar. Təbii ki, biz həmin klubların nümayəndələri də bu səpkidə söhbətlər edirik.
– Bu mövsümün çempionu avrokuboklara gedəcəkmi?
– İnşallah, avrokuboklarda təmsil olunacaqlarını klublar özləri həll edəcək. Biz isə dəstək verəcəyik. Bu məsələ daha sonra tam dəqiqləşəcək.
– Sualı əbəs yerə vermədim. Çünki ötən mövsüm çempionat yarımçıq dayandırıldı. Buna görə federasiya hər hansısa qadağa ilə üzləşməyib ki?
– Heç bir qadağa ilə üzləşməmişik. Köhnə məsələlərə qayıtmayaq. Məncə, uşaqlar öz səhvlərini başa düşdü. İndi həmin basketbolçular bu çempionatda oynayır. Belə başa düşürəm ki, anlaşılmazlıq olmuşdu və bu artıq aradan qaldırılıb. Ümidvaram ki, belə insidentlər artıq geridə qalıb. Bu çempionatda belə bir şey olmayacaq. Federasiyanı boykot edənlər, çempionatı pozmağa çalışanlara sizin vasitənizlə deyirəm: Qapımız hamının üzünə açıqdır.
– Boykot edənlərin başında NTD klubunun rəhbəri Bəhram Abdinov dururdu. Onunla hazırda münasibətiniz varmı?
– Mənim şəxsən heç kimlə pis münasibətim yoxdur! Ona da qapım açıqdır. O da bir azərbaycanlıdır. Abdinov vaxtilə basketbolda o qədər tələbələr yetişdirib. Belə deyim: anlaşılmazlıq olub. Mən belə görürəm.
Səbuhi Musayev